Ru
11:43 / 09 Avqust 2025

Cənubi Qafqazda yeni siyasi mərhələ başlayır - AÇIQLAMA

Cənubi Qafqazda yeni siyasi mərhələ başlayır - AÇIQLAMA
Eye


Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə imzalanan bəyannamə Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni mərhələsinə yol açacaq və bu baxımdan Cənubi Qafqazda tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.

Bunu Bakupost.az -a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar çərçivəsində imzalanan bəyannamə təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir:

“Bu sənəd, uzun illər davam edən gərginlikdən sonra bölgədə real sülh perspektivlərinin formalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmasına zəmin yaradır. Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Konstitusiyasında Azərbaycanın suverenliyinə zidd müddəaların çıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsi hər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır. Bununla yanaşı, tərəflər arasında etimad mühitinin bərpası üçün diplomatik kanalların davamlı açıq saxlanılması xüsusi önəm daşıyır”.

VHP rəsmisi vurğulayıb ki, ABŞ-nin vasitəçiliyi yalnız imzalanma mərhələsi ilə məhdudlaşmır, prosesin icra və nəzarət mexanizmlərində də mühüm rol oynayır:

"Bu, bölgədə potensial təxribatların qarşısının alınmasına, münaqişə risklərinin minimuma endirilməsinə və beynəlxalq hüquq normalarına əsaslanan sabit regional nizamın formalaşmasına mühüm töhfə verir.

Sənəddə əks olunan əsas bəndlərdən biri Zəngəzur dəhlizinin açılması, Naxçıvanla quru bağlantısının bərpası, regional kommunikasiya xətlərinin qurulması və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Bu addımlar uzunmüddətli sülhün möhkəmlənməsi üçün ciddi iqtisadi zəmin yaradır".

Samir Əsədli əlavə edib ki, birgə bəyannamənin mühüm tərəflərindən biri dəhlizə beynəlxalq nəzarətin tətbiqi və ABŞ-a bağlı müstəqil şirkət tərəfindən texniki monitorinqin aparılmasıdır.

“Bu, təkcə logistik təhlükəsizliyi deyil, həm də iqtisadi layihələrin şəffaf icrasını təmin edəcək. Eyni zamanda tərəflər arasında etimadı gücləndirərək bölgədə sabit əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək” ,- deyə o bildirib.

VHP rəsmisinin sözlərinə görə, bu razılaşma çərçivəsində nəzərdə tutulan layihələr Azərbaycan və Ermənistanın yanaşı, bütün Cənubi Qafqazın iqtisadi inteqrasiyası, nəqliyyat təhlükəsizliyi və siyasi sabitliyi üçün yeni bir mərhələnin başlanğıcını qoyur:

"Region ölkələrinin qarşılıqlı asılılıq əsasında əməkdaşlıq etməsi həm sülhün davamlılığına, həm də qlobal enerji və ticarət marşrutlarında Cənubi Qafqazın rolunun əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar