Azərbaycan ədəbiyyatına ağır itki üz verib.
Tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.
Bakupost.az xəbər verir ki, şair bu gün səhər saatlarında dünyasını dəyişib.
Məlumata görə, Çingiz Əlioğlunun cənazəsi sabah dəfn ediləcək. Vida və dəfn mərasiminin keçiriləcəyi yer hələlik açıqlanmayıb.
Qeyd edək ki, Çingiz Əlioğlu 29 iyun 1944-cü ildə Füzuli şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb. Ədəbi yaradıcılığa 1967-ci ildə “Gənc qələmlər” toplusunda dərc olunan “Xatirələr” şeiri ilə başlayıb.
O, uzun illər ədəbi və nəşriyyat sahəsində fəaliyyət göstərib, “Gənclik” nəşriyyatında redaktor, böyük redaktor və redaksiya müdiri, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor, Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi kimi çalışıb.
Çingiz Əlioğlu Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olmaqla yanaşı, tərcüməçi kimi də zəngin yaradıcılıq irsi qoyub. Onun əsərləri müxtəlif dillərə tərcümə edilib. Şair Azərbaycan Yazıçılar Birliyinin üzvü idi, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdü.
Allah rəhmət eləsin!