Çin lideri Si Cinpin, ABŞ prezidenti Donald Trampın yüksək səviyyəli səfərindən sonra “köhnə dostu” adlandırdığı Rusiya prezidenti Vladimir Putini qəbul edəcək.
Bakupost.az xəbər verir ki, hazırda Qərb ölkələri Çini Ukraynadakı müharibəyə son qoymaq üçün Moskvaya təzyiq göstərməyə çağırır.
Bəs Çin bu çağırışa əməl edəcəkmi?
Siyasi şərhçi Əziz Əlibəyli Baskupost.az-a bildirib ki, Qərbin gözləntilərinin əksinə olaraq, Pekinin Moskvaya təzyiq etməsi ehtimalı tamamilə qeyri-realdır.
"2022-ci ildə Çin və Rusiya arasında dünya nizamını dəyişən məşhur 'Sərhədsiz Tərəfdaşlıq' birgə bəyanatı imzalanıb. Bu gün Çin Rusiyaya qarşı sanksiyaları yumşaldan əsas ölkədir. Pekin Ukraynadakı müharibənin bitməsini istəsə də, Rusiyaya təzyiq göstərməsi mövcud strateji balansı poza bilər. Ona görə də Çin hazırda neytral mövqe sərgiləməyə üstünlük verir".
Əziz Əlibəylinin sözlərinə görə, Pekinin ard-arda xarici liderləri qəbul etməkdə əsas məqsədi öz geosiyasi gücünü nümayiş etdirməkdir:
"Cinpin Trampdan dərhal sonra Putini qəbul edir. Bununla da Pekin həm ABŞ, həm Rusiya, həm də Qərb arasında yüksək səviyyəli dialoq aparan sabitləşdirici güc olduğunu sübut etməyə çalışır. Çin dünyaya beynəlxalq nizamın dağılmadığı və özünün qlobal sabitliyin dayağı olduğu mesajını ötürür".
Siyasi şərhçi vurğulayıb ki, Qərbi Avropa ölkələri bunu qəbul etmək istəməsə də, Çin hazırda özünü beynəlxalq hüququn əsas müdafiəçisi kimi təqdim edir:
"Pekin bu missiyanı BMT, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qlobal platformalarda yüksək səviyyədə yerinə yetirməkdədir. Çin bir tərəfdən Qərblə texnoloji ticarət balansını qoruyur, digər tərəfdən isə Rusiyanın enerji təhlükəsizliyinə ciddi dəstək verir".
Onun sözlərinə görə, uzunmüddətli dövrdə əlaqələrin köklü dəyişməsi qaçılmaz olsa da, yaxın dövrdə kəskin böhran gözlənilmir:
"Ukrayna müharibəsinin uzanması Qərbin Çinə qarşı münasibətini pisləşdirsə də, qısamüddətli dövrdə tərəflər arasında ciddi bir problemin yaşanacağı real görünmür. Lakin uzunmüddətli perspektivdə Çin-Qərb-Rusiya üçbucağındakı mürəkkəb əlaqələrin köklü şəkildə dəyişməsi qaçılmaz olacaq".
Gülsüm Baxşəliyeva, BakuPost