Ru
18:00 / 14 Oktyabr 2026

"Çirkli pulların yuyulması"na qarşı yeni qanun layihəsi: Mərkəzi Bankın səlahiyyətləri artırılır

"Çirkli pulların yuyulması"na qarşı yeni qanun layihəsi: Mərkəzi Bankın səlahiyyətləri artırılır
Eye

Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.

"Bakupost" xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çxıarılacaq "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, 48-1-ci maddənin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.

Ona əsasən Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək. Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcək. Maliyyə institutu yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, fəaliyyət növlərində, müştəri qrupunda və ya coğrafi fəaliyyət dairəsində dəyişiklik baş verdikdə risk profili yenidən qiymətləndiriləcək. Əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləği 40 faiz və ya daha çox artdıqda da təkrar qiymətləndirmə aparılacaq. Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və ya maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək. Bu zaman ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri də nəzərə alınacaq. Nəzarətin dövriliyi və intensivliyi müəyyən edilərkən maliyyə institutlarının və maliyyə qruplarının xüsusiyyətləri, maliyyə institutlarının müxtəlifliyi və sayı, habelə risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi də qiymətləndiriləcək. Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakupost”a bildirib ki, Mərkəzi Bankın nəzarətinin ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil edilməsi maliyyə sistemində şəffaflığın artırılması və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi baxımından əhəmiyyətli addımdır:

“Çünki müasir dövrdə maliyyə əməliyyatları çoxşaxəli xarakter daşıyır. Bəzən bir maliyyə institutunda həyata keçirilən əməliyyatın mahiyyətini yalnız həmin qurumun fəaliyyəti çərçivəsində araşdırmaq kifayət etmir. Əməliyyatlar eyni qrupa daxil olan bank, sığorta, investisiya və digər maliyyə qurumları arasında bölüşdürülə bilər. Bu baxımdan nəzarətin bütün maliyyə qrupunu əhatə etməsi risklərin daha dolğun qiymətləndirilməsinə imkan yaradır”.

Müsahibimizə görə, dəyişikliyin əsas üstünlüyü ondan ibarətdir ki, Mərkəzi Bank maliyyə institutlarının fəaliyyətinə yalnız formal uyğunluq baxımından deyil, risklərin mahiyyətinə və miqyasına görə yanaşa biləcək: “Məsələn, bir maliyyə qrupunda əməliyyatların həcmi kəskin artırsa, benefisiar mülkiyyətçilər dəyişirsə və ya fəaliyyət coğrafiyası genişlənirsə, həmin dəyişikliklərin yaratdığı risklər yenidən qiymətləndiriləcək. Əməliyyatların intensivliyinin və ya məbləğinin əvvəlki illə müqayisədə 40 faiz və daha çox artmasının təkrar qiymətləndirmə üçün əsaslardan biri kimi nəzərdə tutulması da risklərin vaxtında aşkarlanmasına xidmət edəcək. Bununla belə, əməliyyat həcminin artması özlüyündə qanunsuz fəaliyyət demək deyil, əsas məsələ artımın səbəblərinin və əməliyyatların iqtisadi mahiyyətinin araşdırılmasıdır”.

İqtisadçının sözlərinə görə, bu yanaşma Azərbaycanın beynəlxalq maliyyə standartlarına uyğunlaşması baxımından da əhəmiyyətlidir:

“Layihənin MONEYVAL qiymətləndirməsi və FATF-ın 26-cı və 27-ci Tövsiyələri ilə əlaqələndirilməsi maliyyə nəzarətinin institusional çərçivəsinin təkmilləşdirilməsinə yönəldiyini göstərir”.

Onun fikrincə, belə mexanizmlər ölkənin çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin etibarlılığını gücləndirə bilər:

“Bu isə beynəlxalq maliyyə münasibətlərində etimadın qorunması və Azərbaycan maliyyə institutlarının xarici tərəfdaşlarla əməkdaşlığının asanlaşdırılması baxımından faydalıdır”.

Bununla yanaşı, həmsöhbətimiz hesab edir ki, qanunvericiliyə dəyişiklik edilməsi hələ öz-özlüyündə problemin həlli demək deyil:
“Əsas məsələ yeni səlahiyyətlərin necə həyata keçirilməsidir. Mərkəzi Bank riskləri düzgün müəyyənləşdirməli, maliyyə institutlarından alınan məlumatları təhlil etmək üçün kifayət qədər texniki imkanlara və peşəkar kadrlara malik olmalıdır. Nəzarət tədbirləri real risklərə uyğun qurulmasa, maliyyə institutları üçün əlavə inzibati yük yarana, sənədləşmə və uyğunluq xərcləri arta bilər. Xüsusilə kiçik maliyyə institutlarının yeni tələblərə uyğunlaşması əlavə resurs tələb edə bilər”.

Digər mühüm məsələ isə A. Nəsirliyə görə, nəzarətin nəticələrinin ölçülməsidir:

“Dəyişikliyin effektivliyi yalnız daha çox sənəd tələb edilməsi və ya daha çox yoxlama aparılması ilə müəyyən edilməməlidir. Əsas göstəricilər şübhəli əməliyyatların vaxtında aşkarlanması, maliyyə qrupları arasında məlumat mübadiləsinin yaxşılaşması, nəzarət boşluqlarının aradan qaldırılması və qanunsuz maliyyə axınlarının qarşısının alınması olmalıdır. Eyni zamanda, qanuni biznes əməliyyatlarının əsassız olaraq ləngidilməməsi və müştərilərin hüquqlarının qorunması da vacibdir.

Nəticə etibarilə, təklif olunan dəyişikliklərin məntiqi maliyyə nəzarətinin risk əsaslı və daha əhatəli qurulmasına əsaslanır. Bu, beynəlxalq standartlara uyğunlaşma və maliyyə sisteminin şəffaflığının artırılması baxımından əsaslandırılmış yanaşmadır. Ancaq real nəticə qanunun mətnindən daha çox onun tətbiq keyfiyyətindən, Mərkəzi Bankın analitik imkanlarından və maliyyə institutlarının məsuliyyətindən asılı olacaq. Yeni mexanizmlər formal hesabatlılıqla məhdudlaşmasa və riskləri həqiqətən aşkar edib aradan qaldırmağa xidmət etsə, maliyyə sisteminin dayanıqlığına və beynəlxalq etimadın möhkəmlənməsinə töhfə verə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar