Tailand Kambocaya rəsmən müharibə elan etdi - YENİLƏNİB - VİDEO
3819
Tailand Kambocaya qarşı Quru Müharibəsi əməliyyatına başlayıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, general Pana Kleoplottuk əməliyyatın komandiri təyin edilib.
Tailand komandanlığının məlumatına görə, hazırda həm Tailand, həm də Kamboca sərhəddə mövqe tutur. Kambocanın hücumu döyüş bölgələrindən birində dayandıqdan sonra Kamboca əsgərləri manevrlər keçirib əks hücuma cəhd ediblər. Ən azı iki Kamboca tankı da sərhəddə məhv edilib.
Tailand qoşunları cavab döyüş əməliyyatlarında da tanklardan fəal istifadə edir, həmçinin düşmən bazalarına mərmilər atırlar.
Tailand və Kamboca Tailandın Ubon Raçathani əyaləti ilə Kambocanın Preah Vihear əyaləti arasındakı sərhədin bir hissəsi üzərində mübahisə edir. 28 may 2025-ci ildə orada qısa toqquşma olub.
***
İyulun 24-də Tailand və Kamboca rəsmiləri sərhəddə atışma barədə məlumat veriblər. Tailand komandanlığının məlumatına görə, Kamboca ilk dəfə pilotsuz uçuş aparatlarından və reaktiv qumbaraatanlardan istifadə edib.
Tailand Kamboca ilə baş verən silahlı toqquşmalar fonunda bu ölkə ilə sərhəddə yerləşən bütün keçid məntəqələrini bağlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tailandın kontr-admiralı Surasant Konqsiri bildirib ki, iyulun 24-də Kamboca Tailand istiqamətinə pilotsuz uçuş aparatları göndərib. Onun sözlərinə görə, qarşı tərəf Tailand hərbçilərinə reaktiv qumbaralarla hücum edib. Hadisədən sonra Tailand cavab tədbirləri görmək məcburiyyətində qalıb.
"Reuters"in məlumatına görə, hazırda altı və ya daha çox sərhəd bölgəsində döyüş əməliyyatları davam edir.
Qeyd olunur ki, Tailand Kamboca ilə sərhədə altı F-16 qırıcısı göndərib və ölkədəki iki hərbi obyektə zərbələr endirib. Hərbi tokkuşmalar nəticəsində bir neçə nəfər həlak olub.
Khmer Times qəzetinin məlumatına görə, Kamboca Silahlı Qüvvələri "özünümüdafiə çərçivəsində" Tailand ordusuna qarşı cavab hücumu həyata keçirib. Əsas toqquşmalar bu gün səhər saatlarında Oddar-Meanchey vilayətində yerləşən mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.
Baş verənlər fonunda Kamboca Senatının sədri bəyanatla çıxış edərək əhalini “təşvişə düşməməyə, düyü ehtiyatı toplamamağa və zəruri ehtiyac mallarının qiymətlərini qaldırmamağa” çağırıb.
The Nation yazır ki, Tailandın Kamboca ilə sərhəddə yerləşən dörd vilayətində əhali təxliyə olunur.
Eyni zamanda, Tailand Kamboca ilə sərhəddə nəzarəti gücləndirib. Buna cavab olaraq, Pnompen elektrik enerjisi və yanacaq tədarükünü, eləcə də internetə çıxışı məhdudlaşdırıb.
Pattaya Now yazır ki, bu addımlar hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərə bilər.
Xatırladaq ki, iyulun 21-də Tailand Kambocanı sərhəd boyunca piyadalar əleyhinə minalar yerləşdirməkdə ittiham etmişdi.