Son dövrlər sosial şəbəkələrdə “körpələrə yardım”, “fiziki qüsurlu uşaqlara ianə”, “təcili əməliyyat üçün pul lazımdır” kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.
Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumat görə, bu cür hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir. Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini “Instagram” sosial şəbəkəsində yaratdığı “Zəhra balama yardım”, “Körpə balama dəstək”, “Əli üçün yardım”, “Yusif serebral iflic” və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.
R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200.000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib.
R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.