Milli Məclisin deputatı Məlahət İbrahimqızı təklif edib ki, sərnişinləri mindirib-düşürmək üçün taksi xidmətilə məşğul olanlara müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılsın.
Müxtəlif ərazilərdə, o cümlədən sosial obyektlərin qarşısında sərnişinlərin taksidən minib düşməsi üçün şəraitin olmadığından şikayətlənən deputat bildirib ki, taksi sürücüsü cərimələnməmək üçün gedib 200-300 metr kənarda saxlamaq məcburiyyətində qalır.
Bu isə deputatın fikrincə, həm də sərnişinlər, xüsusən də yaşlılar, uşaqlı ailələr üçün çətinlik yaradır.
“Polisə dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev
Bakupost.az-a bildirib ki, Milli Məclisin deputatı tərəfindən səslənən fikirlə qismən razıdır.
Belə ki, həmsöhbətimiz hesab edir ki, sözügedən şərait təkcə taksi sürücülərinə deyil, sükan arxasında olan hamıya şamil edilməlidir:
“Hüquqi dövlətimizin qanunçuluq, bərabərlik sahəsində ümumi prinsipləri var. Bu əsasda da təklif yalnız taksilərə şamil edilməməlidir. Digər avtomobil sahibləri də anoloji vəziyyətlə üzləşirlər. Hər bir avtomobil sahibi zəruri şəraitdə 2-3 dəqiqə lazım olmayan yerdə saxlamaq məcburiyyətində qalır. Ona görə də səslənən təklif bütün sükan arxasında əyləşənlərə şamil edilməlidir. Bütün zəruri ehtiyac duyulan alış-veriş məkanları, apteklər, ərzaq dükanları, marketlərin hamısı yol kənarındadır. Buna görə də qaydalar hamıya şamil olunmalıdır”.
Rüfət Sultan, BakuPost