Ru
23:22 / 23 Yanvar 2026

Dərsliklər artıq telefon və planşetdə olacaq? – Nazirlikdən CAVAB

Dərsliklər artıq telefon və planşetdə olacaq? – Nazirlikdən CAVAB
Eye

Azərbaycanda orta məktəb dərsliklərinin kağız formatdan mərhələli şəkildə imtina edilərək rəqəmsal formata keçirilməsi məsələsi yenidən gündəmə gəlib. Təhsil sahəsində texnoloji yeniliklərin tətbiqi fonunda bu addım həm şagirdlərin dərs yükünün azaldılması, həm də tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması baxımından aktual hesab olunur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin iclasında çıxış edərək bildirib ki, orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması ilə bağlı Elm və Təhsil Nazirliyi artıq müəyyən işlər görür.

Lakin sual yaranır: doğrudanmı dərsliklərin rəqəmsallaşdırılması prosesi gedir və bu işlər hazırda hansı mərhələdədir?

Mövzu ilə bağlı aydınlıq gətirmək üçün Sfera.az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil pilləsi üzrə hazırlanan dərsliklərin rəqəmsallaşdırılması təşəbbüsünə 2014-cü ildən etibarən mərhələli şəkildə başlanılıb.

Məlumatda qeyd olunub ki, hazırda ümumi təhsilin bütün səviyyələri üzrə dərsliklərin rəqəmsal nüsxələri www.e-derslik.edu.az portalında mövcuddur:

“Əlavə olaraq, sözügedən dərsliklərin elektron nüsxələri www.trims.edu.az saytında da yer alır. Həmin dərsliklərə istənilən vaxt onlayn baxmaq, eləcə də onları elektron cihazlara yükləyərək oflayn rejimdə istifadə etmək mümkündür. Bununla yanaşı, müvafiq fənlər üzrə dərsliklər multimedia elementləri (audio fayllar, video materiallar və s.) ilə də zənginləşdirilib və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir”.

Bildirilib ki, hazırda www.e-derslik.edu.az saytında 300-dən çox elektron dərslik və www.trims.edu.az saytında isə 800-dən çox dərslik və dərsliklə komplekt təşkil edən müəllim üçün metodik vəsait istifadə üçün açıqdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar