Ru
15:02 / 16 Mart 2026

DİM-in açıqlamaları abituriyentlər üçün “arxadan atılan daş” kimidir

DİM-in açıqlamaları abituriyentlər üçün “arxadan atılan daş” kimidir
Eye

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlamaları “arxadan atılan daş” kimi qəbul olunur və qurumun dərc etdiyi xüsusi vəsaitlərindən yararlana bilməyən bölgə abituriyentlərinin uğurlu nəticə əldə etməsinə maneə yaradır.

Bu fikirləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli, Təhsil İnstitutunun (ARTİ) Tədris resursları şöbəsinin baş mütəxəssisi Gülnar Aşurovanın dərsliklə imtahan sualları arasında fərqlərin olmadığı barədə dediyi sözləri şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, DİM-in hər il keçirdiyi buraxılış imtahanları ətrafında geniş müzakirələrin yaranması təsadüfi deyil:

“DİM tədris müddəti başa çatmamışdan iki-üç ay əvvəl buraxılış imtahanı keçirir. Bu isə həm tədris prosesinə mənfi təsir göstərir, həm də abituriyentlərdə əlavə gərginlik yaradır. Düzdür, DİM hər dəfə bildirir ki, keçirilməyən dərslər imtahan suallarına daxil edilmir. Ancaq abituriyentlər buna tam əmin olmur. Ona görə də bu cür açıqlamalar bir çoxları tərəfindən ‘arxadan atılan daş’ kimi qəbul edilir”.

Məzahir Məmmədli bildirib ki, DİM-in hazırladığı xüsusi vəsaitlərdən hamı eyni səviyyədə yararlana bilmir:

“Bu vəsaitlər əsasında hazırlaşan abituriyentlər adətən daha yüksək nəticə göstərirlər. Lakin xüsusilə rayonlarda yaşayan, hazırlıq kurslarına və sınaq imtahanlarına qatılmaq imkanı olmayan abituriyentlər bu vəsaitlərdən istifadə edə bilmirlər. Nəticədə onların göstəriciləri daha zəif olur. Buraxılış imtahanı sualları hazırlanarkən bu amillər də nəzərə alınmalıdır. Əks halda bu vəziyyət abituriyentlər üçün müəyyən haqsızlıq yaradır”.

Qeyd edək ki, bu günlərdə keçirilən buraxılış imtahanından sonra Təhsil İnstitutunun Tədris resursları şöbəsinin baş mütəxəssisi Gülnar Aşurova dərsliklə imtahan sualları arasında fərqlərin olmadığını bildirib. O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi sualların hazırlanması zamanı dərslik və təhsil standartlarına əsaslanır.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar