Ru
15:55 / 20 Oktyabr 2026

DİM-in seminarlarına maraq niyə aşağıdır? – "Elan olunmur, dəvət edilmirik"

DİM-in seminarlarına maraq niyə aşağıdır? – "Elan olunmur, dəvət edilmirik"
Eye

Dövlət İmtahan Mərkəzinin(DİM) sədri Məleykə Abbaszadə “Facebook” hesabındakı paylaşımında imtahan proqramları ilə bağlı seminarlarda iştirak səviyyəsinin aşağı olmasından şikayətlənib.

“Hazırda Dövlət İmtahan Mərkəzində imtahan proqramları ilə bağlı seminarlar keçirilir. Təəssüf ki, bu müzakirələrdə iştirak səviyyəsi kifayət qədər aşağıdır. Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir”.

O qeyd edib ki, hər il imtahanlardan əvvəl proqramları və imtahan modellərini ictimaiyyətə təqdim etməklə yanaşı, müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri müzakirələrə dəvət edirlər: “Məqsədimiz yalnız məlumatlandırmaq deyil, həm də fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və mümkün suallara əvvəlcədən aydınlıq gətirməkdir”.

İmtahan proqramları ilə bağlı seminarlarda iştirak səviyyəsi görəsən niyə aşağıdır?

Təhsil eksperti Məzahir Məmmədli “Bakupost”a bildirib ki, DİM-in bu açıqlaması həqiqəti əks etdirmir:

“DİM hər dəfə müəyyən addımlar atandan sonra ictimai qınağa tuş gəlir. Hər dəfə bu kimi fikirləri gündəmə gətirməklə özlərini sığortalamağa çalışırlar. Ona görə də qabaqcadan belə piar qururlar ki, seminarlar keçirsələr də, orada iştirak edənlər çox az olub. Qəribədir ki, bir dəfə də olsun bu plan öncədən elan olunmur, təkliflər səsləndirilmir, nələrin müzakirə olunacağı barədə heç bir fikir bildirilmir. İctimaiyyət, təhsil ekspertləri və digər şəxsləri dəvət etmədən özləri öz aralarında problemləri müzakirə edirlər”.

Ekspertin fikrincə, bununla sözügedən qurum cəmiyyətdə, ictimaiyyət arasında belə bir fikir formalaşdırmağa çalışır ki, bu və ya digər işləri görsələr də, heç kim yanlarında olmur, fikirlərini bildirmir, amma sonradan onları tənqid edirlər: “Bir qədər səmimi olmaq lazımdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar