Dövlət İmtahan Mərkəzi (DİM) magistratura imtahanlarının statistikasını açıqlayıb.
"Bakupost" DİM-ə istinadla xəbər verir ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur.
İmtahanda iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.
2026-cı ildə keçirilən imtahanlarda, ümumilikdə 27859 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 26241 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1618 nəfər daha çox olub.
Bu il imtahan iştirakçılarının orta balı (riyazi gözləmə) 45.90-dır. Ötən il müvafiq göstərici 48.26 idi.
Bu il 90 va daha yuxarı bal toplayanların sayı 26 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 244 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 1263 nəfər olub. Ötən il analoji göstəricilər 32, 381 və 2019 nəfər idi.