Gələcəkdə buraxılış imtahanında xarici dil üzrə danışıq bacarığının yoxlanılması tətbiq edilə bilər.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, hazırda bu imtahanlarda üç komponent, bacarıq yoxlanılır:
"Buraxılış imtahanlarında xarici dil üzrə hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər".
M.Abbaszadə bildirib ki, növbəti il XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə yüz sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur:
“Bu tapşırığın yerinə yetirilməsi ümumi imtahan vaxtına təxminən 15 dəqiqə əlavə edilməsini tələb edə bilər. Məsələ hazırda hələ müzakirə olunur. Normativ-hüquqi sənədlər də buna uyğun olmalıdır. Əgər təsdiq olunarsa, rəsmi şəkildə elan ediləcək".
Məleykə Abbaszadə eyni zamanda gələcəkdə informatika üzrə də imtahanların rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayıb: "Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır. Bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq".