Ru
20:34 / 04 Dekabr 2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
Eye

Milli Məclisin Regional məsələlər komitəsinin dünənki iclasında Əmək Məcəlləsinə bir neçə dəyişiklik layihəsi müzakirə edildi. Sənədə əsasən, Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya fəaliyyətə başlayacaq.


Layihədə qeyd olunur ki, sosial-əmək münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika birliklərinin birgə qərarı ilə bərabər sayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq.


Həmçinin, Əmək Məcəlləsinə "məsafədən (distant) iş" anlayışı əlavə edilir.


Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan parlamentin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə qanuna dəyişikliklərin təsdiq olunduqdan sonra komissiyanın tərkibi və iş fəaliyyəti barədə geniş məlumat veriləcəyini bildirib.

Aydın Mirzəzadə

Millət vəkili vurğulayıb ki, komissiyanın tərkibi şəffaf olacaq:

"Bu praktika dünyanın bir çox ölkələrində var. Azərbaycan da dünya təcrübəsindən istifadə edəcək. Əmək münasibətləri dinamik inkişaf edir. Ona görə də bu sahə daim diqqətimizdədir. Distant işin qanunvericiliyə əlavə edilməsi nəticəsində yeni iş yerləri yaranacaq. Bu, müasir dünyada yetərincə məşhurlaşmış və geniş tətbiq olunan bir təcrübədir.

Rəqəmsal inkişaf, süni intellekt bu gün şəxsin iş yerində mütləq şəkildə olmasını tələb etmir. Bu baxımdan, şəxs hətta xaricdən əyləşib, ölkəmizdə peşə fəaliyyəti ilə məşğul ola bilər. Əsas odur ki, əmək müqaviləsi bağlansın. Biz dünya praktikasından istifadə etməklə yanaşı, milli təcrübəmizi də formalaşdıracağıq. İş prosesinin rəqəmsallaşdırılması, süni intellektdən istehsal prosesində istifadə yeni iş yerlərinin açılmasına səbəb olacaq".

Hüquqşünas Əkrəm Həsənov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, distant işçilərlə bağlı qanunvericilikdə boşluqlara çox rast gəlinəcək.

Əkrəm Həsənov

O bildirib ki, dövlət müəssisələrində distant çalışacaq işçilərlə bağlı mütləq şəkildə mexanizm yaradılmalıdır:

"Müəssisə işçinin maaşını özü müəyyən edir. Düzdür, ofisə gedən işçinin yol, distant çalışanın isə elektrik, internet və s. xərcləri var. Lakin düşünmürəm ki, onlar arasında ciddi maaş fərqi olsun. Həm dövlət, həm də özəl müəssisədə çalışanlar distant formaya keçə bilərlər. Özəl sektorda sərbəstlik daha çox olacaq. Elə iş var ki, distant formada həyata keçirilmir. Həmçinin dövlət sektorunda çalışanlar büdcədən maaş alırlar. Burada bir təhlükə ortaya çıxır. Vətəndaşlar da maraqlı olmalıdırlar ki, sui-istifadə halları olmasın. Yəni büdcədən maaş alan şəxs adını işçi kimi yazdırıb, işdən yayınmamalıdır. Nəzarət mexanizmi olmalıdır".

"Bundan başqa, Əmək Məcəlləsində yenidən boşluqlar yaranacaq. Belə ki, qanunvericiliyə görə, şəxs bir gün ərzində işə üzrsüz səbəbdən gəlmirsə, onunla müqaviləyə xitam verilir. Bu anlayış məsafədən fəaliyyət göstərəcək işçiyə aid ediləcək, ya yox - bu, sualdır. Bunun kimi başqa problemlər də ortaya çıxa bilər. Əmək Məcəlləsinin bəzi maddələri distant anlayışına zidd olacaq. Sənədin bütün maddələrinə diqqətlə baxılmalıdır", - hüquqşünas əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar