Bu gün müəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin ilk günüdür. İmtahandan çıxan namizədlərin üzündə müxtəlif duyğular oxunurdu. Kimi nəticəsini səbirsizliklə gözləyir, kimi isə artıq imtahanı geridə qoymağın rahatlığını yaşayırdı.
"Bakupost" "Azərbaycan müəllimi" qəzetinə istinadla xəbər verir ki, bu gün sevincli nəticə ilə imtahandan ayrılanlardan biri də Lalə Rəhimova olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzun olan Lalə MİQ-də üçüncü dəfə iştirak edib və 100 mümkün baldan 94-nü toplayıb. Üstəlik, bu gün onun doğum günüdür.
“Bu gün mənim üçün ikiqat əlamətdardır. Həm doğum günümdür, həm də 94 bal toplamışam. Özümlə fəxr edirəm. Müəllimlərimə minnətdaram. Bu nəticə yuxusuz gecələrin, davamlı hazırlaşmağın bəhrəsidir. Çox şükür ki, əziyyətim yerdə qalmadı”, – deyə o sevincini gizlətməyib.
Lalə Rəhimova bu nəticəni gözləmədiyini də etiraf edib. Son sınaq imtahanında 86 bal topladığını deyən namizəd əsas imtahanda 87-88 bal gözlədiyini, ekranda 94 rəqəmini görəndə isə buna inanmaqda çətinlik çəkdiyini söyləyib.
İmtahanın çətinlik səviyyəsini ümumilikdə normal qiymətləndirən gənc müəllim namizəd hesab edir ki, yaxşı hazırlaşan namizədlər üçün ixtisas sualları çətin olmayıb. Onun fikrincə, kurikulum sualları daha çox düşündürürdü.
“Riyaziyyat suallarını çox rahat yazdım, hətta cavablarımı iki dəfə yoxladım. Kurikulum isə düşündürücü idi. Bu, normaldır. Amma bəzi suallarda cavab variantları bir-birinə çox yaxın idi. Elə situasiyalar var ki, müxtəlif müəllimlər fərqli cavab seçsələr belə, hər ikisinin məntiqini əsaslandırmaq mümkündür. Məncə, variantlar arasında fərq daha konkret olsa, qiymətləndirmə daha ədalətli olar”, – deyə o bildirib.
Bu, Lalə Rəhimovanın ilk MİQ təcrübəsi deyil. Əvvəlki illərdə topladığı nəticələr də zəif olmayıb, lakin vakant yerlər rayonlarda olduğu üçün işləmək imkanı əldə edə bilməyib. Bu dəfə isə ən böyük arzusu Bakıda müəllim kimi fəaliyyətə başlamaqdır.
“Ailəmlə birlikdə Bakıda yaşayıram. Əvvəlki illərdə rayonlara düşürdüm. Bu dəfə ümid edirəm ki, nəticəm Bakıda işləməyimə imkan verəcək”, – deyə o əlavə edib.
Söhbətin sonunda isə gələcək şagirdləri ilə bağlı arzusunu bölüşüb: “Universitetə qəbul olunanda da ilk seçimim müəllimlik idi və həmin ixtisasa qəbul oldum. Ümid edirəm ki, gələcək şagirdlərim də mən onları sevəcəyim qədər məni sevərlər”.