Ru
09:00 / 08 Oktyabr 2026

Dövlət satınalmalarında fermerlərə şans: Milyonlarla manatlıq sifariş verilir

Dövlət satınalmalarında fermerlərə şans:  Milyonlarla manatlıq sifariş verilir
Eye

2026-cı ilin 9 ayında dövlət sifarişi ilə 103,2 milyon manatdan çox ərzaq məhsulu satın alınıb. Sifarişlər 73 regiondan daxil olub və portal vasitəsilə 230 növ ərzaq məhsulu satılıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, dövlət sifarişi ilə bu həcmdə ərzaq məhsulunun alınması yerli fermer və istehsalçılar üçün kifayət qədər böyük və əvvəlcədən formalaşmış bazar yaradır.

Onun sözlərinə görə, 73 regiondan sifarişlərin daxil olması regionlardakı kənd təsərrüfatı subyektləri üçün də əlavə satış kanalı formalaşdıra bilər. Fermer üçün əsas üstünlük məhsulun bazara çıxarılması ilə bağlı qeyri-müəyyənliyin azalmasıdır. Əvvəlcədən sifariş və sabit alıcının olması istehsalçıya əkin və istehsal həcmini daha düzgün planlaşdırmağa, gəlirini proqnozlaşdırmağa imkan verir.

“Lakin dövlət satınalmalarının həcminin böyüməsi avtomatik olaraq yerli istehsalın artacağı anlamına gəlmir. Bunun üçün satınalmalarda yerli məhsula real üstünlük verilməsi, sifarişlərin uzunmüddətli və proqnozlaşdırıla bilən olması vacibdir. Fermer növbəti il də məhsulunun alınacağına əmin olsa, istehsala investisiya qoymaq, məhsuldarlığı artırmaq və keyfiyyət standartlarına uyğunlaşmaq üçün daha çox motivasiya əldə edir”, – A.Nəsirli qeyd edib.

Akif Nəsirli bildirib ki, yerli istehsalçıların dövlət sifarişlərində payının artırılması idxaldan asılılığın azalmasına da töhfə verə bilər. Xüsusilə taxıl, süd məhsulları, ət, meyvə-tərəvəz və digər ərzaq sahələrində istehsalın genişləndirilməsi daxili bazarın xarici təchizatdan asılılığını azalda bilər. Lakin bunun üçün məhsulların həm qiymət, həm də keyfiyyət baxımından rəqabət qabiliyyətli olması əsas şərtdir.

Onun sözlərinə görə, kiçik və orta fermerlərin bu sistemdən daha çox faydalanması üçün əsas problemlərdən biri iri həcmli tenderlərdə iştirak imkanlarının məhdud olmasıdır. Kiçik fermerin məhsulu olsa da, onu böyük həcmdə, fasiləsiz və standartlaşdırılmış şəkildə təhvil vermək imkanı olmaya bilər.

“Buna görə fermer kooperativlərinin və istehsalçı birliklərinin satınalmalara çıxışının genişləndirilməsi, sifarişlərin daha kiçik lotlara bölünməsi, elektron müraciət və sənədləşmə prosesinin sadələşdirilməsi, məhsulun keyfiyyət və qablaşdırma standartlarına uyğunlaşdırılması üçün dəstəyin artırılması vacibdir”, – deyə Akif Nəsirli vurğulayıb.

O əlavə edib ki, ödənişlərin vaxtında həyata keçirilməsi də mühüm məsələdir. Kiçik fermer üçün məhsulu satdıqdan sonra pulunu gec almaq ciddi maliyyə problemi yarada bilər. Buna görə dövlət sifarişləri yalnız satış zəmanəti deyil, həm də vaxtında ödəniş və proqnozlaşdırılan gəlir mexanizmi olmalıdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar