“Dövlət səviyyəli teatrların heç birində vakansiya yoxdur. Gərək bir nəfər işdən çıxsın ki, mən, yaxud digər şəxslər işə girə bilsin”.
Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2024-cü il məzunu olduğunu deyən Huri Əliyeva video çıxışı zamanı səsləndirib.
Universiteti bitirdikdən sonra iş tapa bilmədiyini deyən aktrisa bu sahədə olan problemlərə diqqət çəkib:
“Kastinqlərə müraciət etdikdə isə səni aktyor sənəti üzrə dərsə dəvət edirlər. Axı biz 4 il müddətində bu dərsi keçmişik, bizim nəyimizə lazımdır? Bizə müqavilə imzaladıb qarşılığında 150-200 manat istəyirlər. Razı olmadıqda isə deyirlər ki, sən ora imza atmısan, gəlmək məcburiyyətindəsən, gəlməsən də pulu ödəməlisən.
Telekanallar isə bir səhnəni 50 dəfə çəkib günü 15-20 manata işlədirlər. Orada çəkilənlərin çoxu tiktokerlərdir. Yəni məşhur simaları daha çox önə çəkirlər, yeni bitirən məzunları yox.
Gərək hamı əlinə bir telefon alıb video çəkiliş etsin ki, səsi eşidilsin və harasa dəvət etsinlər. Yoxsa belə müraciət etdikdə insanı vecinə alan belə yoxdur.
Axı biz nə edək? Biz yeni aktyorlar səsimizi necə eşitdirək? Ssenari yazaq, yoxsa çəkiliş edək? Axı biz aktyoruq, operator və ya ssenarist deyilik. Yaxud aktyor olmaq üçün bloger olmaq məcburiyyətində deyilik”.
Lalə,
BakuPost