Naxçıvanın Şahbuzkənd ərazisində sakinlər kəndin bir tərəfindən digər tərəfinə keçmək üçün hər gün həyatlarını riskə atırlar.
“Bakupost” xəbər verir ki, yayılan görüntülərdə kənd sakinlərinin keçdiyi körpünün qəzalı vəziyyətdə olduğu iddia olunur.
Onların sözlərinə görə, kəndin bir hissəsinə gedən alternativ yol olmadığından hər gün bu körpü ilə hərəkət etməyə məcbur qalırlar. Bildirilir ki, körpü xüsusilə məktəblilər və yaşlılar üçün təhlükəlidir.
Kənd sakini deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilib:
“600-700 metr yol gəlib bu körpüdən istifadə edirlər. Uşaqlar məktəbə gedir, yaşlılar istifadə edir. Sel gələndə isə körpü yararsız olur. Dəfələrlə Şahbuz Rayon İcra Hakimiyyətinə müraciət olunub”.
Sakinlər bildirirlər ki, müraciətlərinə baxmayaraq problem həllini tapmır. Onların sözlərinə görə, səbəb kimi ərazidə yaşayanların sayının az olması və buna görə xərc çəkilməsinin məqsədəuyğun sayılmaması göstərilib.
Məsələ ilə bağlı Şahbuz Rayon İcra Hakimiyyətindən “Bakupost” a bildirilib ki, kənddə bir neçə il əvvəl avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş körpü inşa edilib:
“Vətəndaşlar sadəcə rahatlıqları üçün özlərinə yaxın ərazidə körpü istəyirlər. Dövlətin bu qədər vəsaiti var, hər bir sakinə bir körpü salsın?
Kəndin ümumi istifadəsi üçün dövlət tərəfindən salınmış körpü mövcuddur. Bu yolla avtomobillər sakinlərin qeyd etdiyi məhəlləyə rahat hərəkət edə bilir. Gələcəkdə kənd yollarının mərhələli şəkildə asfaltlanması da nəzərdə tutulub. Dünyanın heç bir yerində vətəndaşa çayın üzərindən ayrıca körpü qurulmur.
Bundan başqa, sakinlərin özləri tərəfindən qurulmuş və yalnız piyadalar üçün nəzərdə tutulan taxta körpü sel zamanı dağıldıqdan sonra İcra Hakimiyyətinin daxili imkanları hesabına bərpa olunub".
Lalə Novruz,
BakuPost