Qazaxıstanın Milli Mərkəzi Muzeyində görkəmli Azərbaycan alimi, xalçaçı rəssam və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş “Dövrün nəfəsi xalq sənətində” adlı sərginin açılışı keçirilib.
"Bakupost" xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Qazaxıstanın Milli Mərkəzi Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə XIX–XX əsrlərə aid Azərbaycan xalça və xalq sənəti nümunələri təqdim olunur.
Ekspozisiyada Quba, Bakı, Şirvan, Qarabağ, Qazax və Gəncə xalçaları, eləcə də kilim, şəddə, vərni və zili kimi xovsuz xalçalar, məfrəş, xurcun və çul nümunələri, bədii tikmə, zərgərlik və bədii metal sənəti əsərləri, həmçinin milli qadın geyimləri nümayiş etdirilir.
Sərginin xüsusi bölməsi Lətif Kərimovun yaradıcılığına həsr olunub. Burada sənətkarın eskizləri ilə yanaşı, “İkinci bahar” və “Xətai” xalçaları da təqdim olunur.
Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi ilə Qazaxıstanın Milli Mərkəzi Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Həmçinin Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Qazax və Azərbaycan xalqlarının dekorativ-tətbiqi sənəti: tarixi köklər, etnomədəni varislik və müasir inkişaf tendensiyaları” mövzusunda dəyirmi masa keçirilib.
“Dövrün nəfəsi xalq sənətində” sərgisi 4 oktyabr 2026-cı ilədək davam edəcək.