ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü Rusiya dizel yanacağının ABŞ-a tədarükü ilə bağlı müqavilələrin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qanun layihəsi hazırlayıb.
Sənəd dünən Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin baş demokratı Qreqori Miks tərəfindən dərc edilib.
“Bakupost” xəbər verir ki, Miks tərəfindən hazırlanan sənəddə ABŞ Maliyyə Nazirliyinin 9 oktyabrda dərc olunmuş ümumi lisenziyasının ləğv edilməsi tələb olunur.
Bu lisenziya Rusiya dizel yanacağı tədarükünü qlobal bazarlarda 7 aprel 2027-ci ilə qədər ABŞ sanksiyalarından azad edir. Rusiya enerji məhsullarına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı digər lisenziyalar da ləğv edilir və ABŞ Maliyyə Nazirliyinin üç il müddətinə yeni belə lisenziyalar verməsi qadağan olunur.
Bundan əlavə, sənəd ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına Rusiya enerji ehtiyatları ilə bağlı hər hansı bir müqavilədə iştirak etməyi qadağan edir. Vaşinqton administrasiyası həmçinin Rusiya əleyhinə sanksiyaların tətbiqi və sərtləşdirilməsi üçün bir sıra tədbirlər görməlidir.
Qanun layihəsini Nümayəndələr Palatasının digər 17 üzvü - 16 demokrat və bir respublikaçı dəstəkləyib.
Siyasi şərhçi Taleh Əliyev
“Bakupost”a bildirib ki, ABŞ-də Putin və Rusiyaya aşırı məhəbbət Trampa məxsusdur:
“Amma həm demokratlar, həm də respublikaçılar partiyasında ümumi götürdükdə Ukraynaya təcavüzdən dolayı Rusiyaya qarşı sanksiyaların tətbiqində son dərəcədə sərt mövqe mövcuddur”.
Bu əsasda həmsöhbətimiz hesab edir ki, qanunverici orqan nümayəndələri tərəfindən sözügedən məsələ ilə bağlı qaldırılan yeni təşəbbüs də müəyyən nəticələr verəcək:
“Çünki burada söhbət təkcə Ukrayna məsələsilə bağlı deyil. Rusiyaya tanınmış bu imtiyazlar Vaşinqtonun müharibə apardığı İranın da maliyyələşməsi, onun da yeni texnologiyalar əldə etməsi baxımından ABŞ-nin dövlət və milli maraqlarına ziddir”.
Müsahibimizin sözlərinə görə, bu prosesin kimin - Tramp adminstrasiyası, yoxsa qanunverici orqandakı demokrat-respublikaçı koalisiyanın üstünlüyü ilə yekunlaşacağına isə 3 noyabr aralıq seçkiləri tam aydınlıq gətirəcək:
“Aralıq seçkilərdə demokratların üstün olması Tramp hakimiyyətilə yanaşı, Putin Rusiyası üçün də öldürücü zərbə olacaq. Seçkidə respublikaçıların üstünlük əldə etməsi isə Trampa müəyyən manevr imkanları yaradacaq. Bu günə qədər qanunverici orqan və ya məhkəmə tərəfindən Trampın qəbul etdiyi bir sıra qanunlar ya ləğv edilib, ya da ona veto qoyulub. O baxımdan Trampın Rusiyaya qarşı “yumşaldıcı” siyasətinin davamlı və uzunmüddətli effektiv olacağı qənaətində deyiləm”.
Rüfət Sultan,
BakuPost