ABŞ hərbi zərbələrdən kənar müstəvidə də İrana ziyan vurmağa çalışır.
Vaşinqton Hörmüz boğazından yan keçərək İraqdan Suriyaya neft nəql etməyə imkan verən boru kəmərinin tikintisi ilə bağlı danışıqlar aparır.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə də ABŞ-nin diqqəti hazırda İraqın şimal neft yataqlarını Suriyanın Baniyas limanına birləşdirən 800 km uzunluğundakı Kərkük-Baniyas boru kəmərinin təmirinə yönəlib.
Bu məqsədlə ABŞ-nin Suriya və İraq üzrə xüsusi elçisi Tomas Barrak Amerika neft şirkəti Chevron da daxil olmaqla, hər iki ölkənin və şirkətlərin nümayəndələri ilə Kərkük-Baniyas boru kəmərinin bərpasını müzakirə edib.
Qeyd edək ki, 1952-ci ildə istifadəyə verilən Kərkük-Baniyas boru kəməri 20 ildən çoxdur fəaliyyət göstərmir. Keçən əsrin 1980-ci illərində İran-İraq müharibəsi səbəbindən bağlanıb. Əməliyyatlar 2000-ci ildə qısa müddətə bərpa edilib, lakin ABŞ-ın İraqa hücumu zamanı infrastrukturuna ciddi ziyan dəydikdən sonra yenidən 2003-cü ildə fəaliyyətini dayandırıb. Bu boru kəməri gündəlik 300 min barrel yanacaq daşımağa qadirdir.
Neft Araşdırmalar Fondunun rəhbəri
İlham Şaban Bakupost.az-a bildirib ki, Hörmüz boğazı ətrafnda vəziyyətin yenidən gərginləşməsi və onun orta dövr üçün problem olaraq qalacağı gözlənilir:
“Bu baxımdan enerji daşıyıcılarının dünya bazarına alternativ marşurutlarla daşınması məsələsi də gündəmə gəlir. Ona görə də məsələ ətrafında müxtəlif variantların müzakirəsi mümkündür. Kərkük-Baniyas boru kəməri ötən əsrin ortalarından istismar olunur. Amma 80-ci illərin əvvəllərindən istifadəsi dayandırılıb. İndi onun müəyyən hissəsinin modernizasiya edilməsi, müəyyən hissələrinin tikilməsi, yeni nasos stansiyalarının quraşdırılması ilə müəyyən həcmi Suriya sahillərilə Aralıq dənizinə çıxarmaq mümkündür”.
Ekspert düşünür ki, bu cür alternativ layihələr istər Hind okeanı, istərsə də Avropa istiqamətdə getdikcə artacaq.
Rüfət Sultan,
BakuPost