“BMT üzv dövlətləri öz maliyyə öhdəliklərini yerinə yetirməyə çağırsa da, təşkilatın vəsaitinin tamamilə tükənəcəyi və böhranın pik həddə çatacağı dəqiq tarixi açıqlaya bilmir”.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın “RIA Novosti” agentliyinə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.
O, qurumun üzləşdiyi maliyyə çətinliklərindən danışarkən vəziyyətin kritik olduğunu, lakin konkret zaman göstərməyin mümkünsüzlüyünü qeyd edib:
“Maliyyənin tamamilə kəsiləcəyi və fəaliyyətin dayanacağı “qiyamət günü” ssenarisi üçün əvvəlcədən müəyyən edilmiş hər hansı sərt tarix yoxdur”.
BMT rəsmisi ötən həftə Çin tərəfindən təşkilata təxminən 800 milyon dollar məbləğində qismən ödəniş edildiyini və bunun “müsbət addım” olduğunu vurğulayıb. Buna baxmayaraq, o, hələ də borcu qalan bütün ölkələri öz maliyyə öhdəliklərini vaxtında və tam şəkildə icra etməyə çağırıb.
Xatırladaq ki, ABŞ-nin “Wall Street Journal” qəzeti ABŞ və Çinin üzvlük haqlarını gecikdirməsi və ya ödəməməsi səbəbindən BMT-nin tam maliyyə iflası həddində olduğunu yazmışdı. Hələ bu ilin yanvarında BMT Baş katibi Antonio Quterreş təşkilatın kəskin vəsait çatışmazlığı ucbatından qaçılmaz çöküş təhlükəsi ilə üz-üzə qaldığı barədə xəbərdarlıq etmişdi.
Onu da bildirək ki, ABŞ-nin təşkilata 3 milyard dollardan çox ödənilməmiş üzvlük haqqı borcu var və Vaşinqtonun bu yaxınlarda BMT-nin Yaşıl İqlim Fondundan çıxması böhranı daha da dərinləşdirib.