Avstriya və Çində alimlər təxminən 50 illik tədqiqatlardan sonra nüvə saatlarının ilk işlək nümunələrini hazırlayıblar.
“Bakupost” xəbər verir ki, Vyana və Pekindəki tədqiqat qruplarının nəticələri “Nature” jurnalında dərc olunub.
Adi atom saatlarından fərqli olaraq, nüvə saatları zamanı ölçmək üçün atomun elektronlarını deyil, nüvəsindəki enerji keçidlərini izləyir. Tədqiqatçılar bu məqsədlə torium-229 izotopundan istifadə ediblər.
Yeni saatlar hələlik mövcud atom saatlarından daha dəqiq deyil. Lakin alimlər texnologiyanın inkişafı ilə daha dəqiq ölçmələrin mümkün olacağını düşünürlər.
Vyana komandası nüvə saatından istifadə edərək qaranlıq maddəni aşkarlamaq üçün də təcrübə aparıb. Maddə aşkarlanmasa da, texnologiyanın fizika tədqiqatlarında istifadə potensialı göstərilib.
Vüsalə Hüseynova,
BakuPost