Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırılıb.
Zeynəb Cavadlı kimdir?
Bakupost.az Globalinfo.az-a istinadla onun dosyesini təqdim edir:
Əslən Naxçıvandan olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın bədii gimnastı və beynəlxalq dərəcəli idman ustası kimi tanınır. 1999–2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının üzvü kimi çıxış edib. 2012-ci ildə aldığı zədə səbəbindən idman karyerasını başa vuraraq məşqçiliyə başlayıb.
Daha sonra Türkiyədə “İstanbul Gençlik Spor Kulübü” və “Anabilim Jimnastik Kulübü”ndə fəaliyyət göstərib, 2013-cü ildən isə öz gimnastika məktəbini yaradıb.
Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktuma ərə gedib. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq yarışlarında tanış olub, elə həmin il evləniblər.
2016-cı ilin iyununda cütlüyün qız övladı dünyaya gəlib, ona Səna adı ( Səid Əl Məktumun nənəsinin adı) verilib. Zeynəb Cavadlı Şeyx Səidin üçüncü həyat yoldaşı olub.
2019-cu ildə boşanmadan sonra Zeynəb Cavadlı ilə keçmiş əri arasında uşaqların qəyyumluğu ilə bağlı ciddi mübahisələr yaranıb. Tərəflər bir-birini uşaqları “oğurlamaqda” ittiham ediblər.
Cavadlı daha əvvəl “e-cinayətlər” ittihamları ilə bağlı risklərlə üzləşdiyini, sosial mediada yayılan hadisələr fonunda isə vəziyyətin daha da gərginləşdiyini bildirib.
O, britaniyalı vəkilinə göndərdiyi video-müraciətdə belə deyib:
“Bilirdim ki, bu, uşaqlarımla birlikdə olmaq üçün son şansımdır, çünki onlar mənə qızlarımı bir daha görməyə icazə verməyəcəkdilər. Buna görə canlı yayım açdım və kömək çağırışı etdim”.
2020-ci ildə yayılan videolarda isə onun keçmiş həyat yoldaşının nümayəndələrinin və polis əməkdaşlarının evə gəldiyini, valideynlərinin saxlanıldığını iddia etdiyi səslər əks olunub.
Azərbaycanlı hüquq müdafiəçiləri Cavadlının yaxınlarının onlara müraciət etdiyini, bəzi hallarda isə azərbaycanlı qadınların Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oxşar vəziyyətlərdən çıxarılmasına kömək edildiyini bildiriblər.
Cavadlı həmçinin 9 ay ərzində təzyiq və təhdidlərlə üzləşdiyini iddia edib. O, yerli hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin “bu, şeyxin məsələsidir, biz qarışa bilmərik” cavabı aldığını deyib.
Bununla belə, Azərbaycanın Dubaydakı konsulu Elnur Məmmədov həmin vaxt yayılan məlumatları təkzib edib. O bildirib ki, Zeynəb Cavadlı ilə konsulluq mütəmadi əlaqə saxlayır və onun “normal həyatını davam etdirdiyi” qeyd olunub.
Konsul həmçinin valideynlərin saxlanılması iddialarını da əsassız adlandırıb.
Qeyd edək ki, Şeyx Səid Əl-Məktumun keçmiş həyat yoldaşları arasında azərbaycanlı əsilli Natalya Müslüm qızı Əliyeva da olub. O, evlilikdən sonra İslamı qəbul edərək adını dəyişib.