Dünyanın ən işlək beynəlxalq hava limanlarından biri hesab edilən və 1960-cı ildən fəaliyyət göstərən Dubay Beynəlxalq Hava Limanının (DXB) 2035-ci ildə tamamilə bağlanacağı gözlənilir.
Bakupost.az xəbər verir ki, bütün uçuşların Əl-Məktum Beynəlxalq Hava Limanına (DWC) köçürülməsi planlaşdırılır.
Bu tarixi qərarın əsas təfərrüatları və səbəblərinə gəlincə, DXB şəhər mərkəzində, sıx yaşayış binaları və magistral yolların əhatəsində yerləşdiyi üçün onun ərazisini daha da böyütmək fiziki olaraq qeyri-mümkündür. Hesablamalara görə, DXB 2032-ci ilə qədər özünün pik sərnişin həddinə (ildə 114 milyon sərnişin) çatacaq və artan tələbatı qarşılaya bilməyəcək.
Həmçinin hakimiyyət bir-birinə yaxın məsafədə iki nəhəng hava limanını eyni vaxtda idarə etməyi səmərəsiz hesab edir. Dubay hökuməti bütün aviasiya infrastrukturunu gələcəyin mega-aeroportu olacaq Əl-Məktum Beynəlxalq Hava Limanına (DWC) köçürür. Bu layihə başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq. Genişləndirilmə layihəsi təxminən 35 milyard dollar dəyərində qiymətləndirilir. İllik sərnişin axını isə 260 milyon nəfərə çatacaq ki, bu, mövcud DXB tutumundan təxminən 5 dəfə çoxdur. Aeroportda 5 paralel uçuş-enmə zolağı və 400 təyyarə qapısı (gate) fəaliyyət göstərəcək.
Məlumata görə, köçürülmə prosesi birdən-birə deyil, mərhələli şəkildə aparılacaq. Yeni terminalın ilk mərhələsi 2032-ci ildğ istifadəyə veriləcək və ilk növbədə Emirates və flydubai olmaqla aviaşirkətlərin köçürülməsinin birinci dalğası başlayacaq. 2035-ci ildə isə DXB tamamilə qapanacaq və bütün beynəlxalq əməliyyatlar rəsmən DWC-yə keçəcək. 2057-ci ildə Əl-Məktum hava limanının ətrafındakı bütün şəhərcik, logistika zonaları və infrastruktur tam hazır vəziyyətə gətiriləcək.