Bir neçə həftə əvvəl düyü fyuçersləri 1 kiloqram üçün təxminən 0,24 ABŞ dolları səviyyəsində ticarət olunub ki, bu da yanvar ayının sonundan bəri ən aşağı göstəricidir. Qiymətlərin azalmasına səbəb əsas ixracatçı ölkələrdə bol məhsul nəticəsində qlobal təklifin artmasıdır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının son “Taxıl Tədarükü və Tələb İcmalı”na əsasən, 2025-2026-cı təsərrüfat ili üzrə dünya üzrə düyü istehsalının 561,6 milyon tona çatacağı proqnozlaşdırılır. Bu, illik müqayisədə 2 faiz artım deməkdir və rekord göstərici hesab olunur.
Dekabr ayı ilə müqayisədə proqnoz 2,9 milyon ton artırılıb. Artım əsasən Hindistanda gözləniləndən yüksək məhsul istehsalı ilə bağlıdır.
Eyni zamanda Banqladeş, Braziliya, Çin və İndoneziyada artımın Madaqaskar, Pakistan, Tailand və ABŞ-da azalmanı kompensasiya edəcəyi bildirilir.
Qlobal düyü ehtiyatlarının 2025-2026-cı təsərrüfat ilinin sonuna qədər 3,8 faiz artaraq 217,7 milyon tona çatacağı gözlənilir. Bu da əvvəlki proqnozdan 900 min ton çoxdur və əsasən Hindistanın ehtiyat göstəricilərinə yenidən baxılması ilə əlaqələndirilir.
Mütəxəssislər hesab edirlər ki, təklifin yüksək səviyyədə qalması yaxın dövrdə qiymətlərə təzyiqi davam etdirə bilər.
Makupost.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu vəziyyət qlobal bazarda düyünün ucuzlaşdığını göstərir və bu, dolayı yolla bizim bazara da təsir edə biləcəyini deyib.
“Xüsusilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi qurumların proqnozlaşdırdığı istehsal artımı o deməkdir ki, dünyada düyü bolluğu yaranır və bu da qiymətləri aşağı salır. Azərbaycan düyünü əsasən idxal etdiyi üçün qlobal qiymətlərin düşməsi uzun müddətdə yerli bazarda da qiymətlərin sabit qalmasına və ya bir qədər ucuzlaşmasına səbəb ola bilər.
Amma bu təsir dərhal hiss olunmaya bilər. Çünki daxili bazarda qiymətlərə yalnız xammalın dünya qiyməti yox, həm də logistika xərcləri, valyuta məzənnəsi, gömrük rüsumları və yerli satıcıların qiymət siyasəti təsir edir.
Eyni zamanda inhisarçılıq dünya bazarındakı ucuzlaşmanın daxili bazara təsirini ləngidir, bəzən heç qısamüddətli ucuzlaşmalar bizim bazar qiymətlərində hiss edilmir. Əgər dünya bazarında təklif uzun müddət yüksək olaraq qalarsa, idxal qiymətləri aşağı düşə bilər və bu da mağazalarda qiymət artımının qarşısını alar”.
Müsahibimiz onu da əlavə edib ki, yaz-yay aylarında düyüyə tələbat bir qədər azalır:
“Ona görə də bu aydan daxili bazarda düyüyə tələbat azalacaq. Eyni zamanda qlobal ucuzlaşma bizim bazarda qiymətlərin artmasını zəiflədə bilər, amma kəskin ucuzlaşma yalnız digər iqtisadi faktorlar da uyğun olarsa baş verər. Yəni inhisarçılığın və çoxpilləli satış mexanizmlərinin bir problemi də budur ki, dünyada məhsullar ucuzlaşanda daxili bazara bunun təsiri ya heç olmur, ya da minimun olur”.