İllər əvvəl "Ədalət" qəzetinin rəhbəri, millət vəkili Aqil Abbas haqqında film çəkirdik.
Çəkiliş üçün Nəşriyyatın binasına, “Ədalət” qəzetinin redaksiyasına getmişdik. Elə oradaca, özümüz də bilmədən, filmin bütün ssenarisini dəyişəcək qəribə bir hadisə baş verdi.
Redaksiyanın yerləşdiyi mərtəbədə “Ədalət hardadır” sualını verəndə gözlənilməz cavablar alırdıq.
Biz “Ədalət” qəzetini nəzərdə tuturduq, adamlar isə elə bilirdilər ki, Ədalət adlı birini axtarırıq. Kimi çiyinlərini çəkir, kimi təəccüblə üzümüzə baxır, kimi belə adam tanımadığını deyir, kimisi isə özünü “ədalət” sözündən üşənirmiş kimi aparırdı.
Bir sözlə, heç kim ədalətin yerini bilmirdi.
Bu anlaşılmazlıq özü bir ssenariyə çevrildi. Rejissorumuz Ruslan Mollayev də filmə elə “Ədalət hardadır?” adını verdi.
Qapıları döyür, otaqları gəzir, qarşımıza çıxan hər kəsdən soruşurduq:
– Ədalət hardadı?
Biz ədaləti elə “Ədalət”in özündə axtarırdıq. Amma orada da heç kim onun yerini bilmirdi.
Güman ki, həyatın özündə də belədir. Ədaləti axtarırıq, harada olduğunu soruşuruq, tapa bilməyəndə də onun yoxluğundan şikayətlənirik.
Bəlkə də ədalət həmişə elə yanımızda, hətta içində olduğumuz hadisələrin özündə olur. Sadəcə, biz onu görmürük.
Bir neçə gün əvvəl başıma gələn qəribə hadisə məni yenidən “Ədalət”ə qaytardı.
Üç-dörd ay əvvəl dostlarımdan biri yaşadığı ərazidə baş verən hadisə barədə mənə məlumat vermişdi. Maraqlı gəldi, araşdırdıq, xəbər hazırladıq və yayımladıq.
Sonradan məsələnin içindən kiçik bir məmur çıxır. Əvvəl dostları, sonra özü gəlib məni tapdı. Amma artıq gec idi, xəbər öz işini görmüş, məsələ böyümüşdü.
Deyirdi ki, həmin xəbərə görə işdən çıxarılıb, şəxsi həyatına da çox böyük zərbə dəyib. Detalları danışdıqca ürəyim parçalanırdı.
Bir cümləsi indiyə qədər beynimdə zoqquldayır:
“Məni bədbəxt etdiniz…”
Belə şeyləri çox ağır keçirirəm. Bilirəm ki, jurnalistin işi xəbəri gizlətmək deyil. Amma bir xəbərin kiminsə həyatına bu qədər ağır təsir etdiyini görəndə özümü günahkar hiss etməkdən də saxlaya bilmirəm. Bir müddət həm özümdən, həm də işimdən küsürəm.
Sonra həmin adamla maraqlanmağa başladım. Tez-tez halını soruşdum, ruh düşkünlüyündən çıxarmağa çalışdım. Görüşdük, söhbətləşdik, zaman keçdikcə aramızda dostluq yarandı.
Bəlkə mənim onun tərəfindən bağışlanmağa ehtiyacım vardı, onun isə xəbərin mənbəyini öyrənməyə. Yəni hərəmizin bu dostluqda öz marağı vardı. Mən onun gözündə nə qədər bəraət qazandım, bilmirəm, o isə xəbərin mənbəyini öyrənə bilmədi.
Bir neçə gün əvvəl həmin keçmiş məmur mənə yaşadığı məhəllədə baş vermiş bir hadisə barədə danışdı. İctimai əhəmiyyəti olan hadisə idi. Məlumatı yayımlamaq üçün razılığını alıb əməkdaşlara dedim. Detallar araşdırıldı, xəbər hazırlandı və yayımlandı.
Çox keçmədi, zənglər başladı.
Zəng edənlərdən biri bilirsiniz kim idi?
Vaxtilə həmin məmur haqqında mənə məlumat verən dostum.
Amma bu dəfə dost kimi danışmırdı. Səs tonu, işlətdiyi ifadələr tamam başqa rəngdə idi. Qışqırır, arada söyüş də söyürdü.
Məlum oldu ki, bu dəfə xəbərini yaydığımız hadisəni onun oğlu – mənim də tanıdığım və çox istədiyim bir adam törədib. Özü də bilmədən, bəxtsizlikdən. Məsələ öz aralarında yoluna qoyulacaqmış. Amma xəbər yayılandan sonra vəziyyət dəyişib. İndi onu ağır cəza gözləyir.
Yenə dünya gözümdə qaralır. Bu hadisənin də içindən bir pis adam çıxır – MƏN!
Adam özünə nə qədər nifrət edər?
Amma bu dəfə özümə nifrətlə yanaşı, qəribə bir heyrət də var. Heyrətimin içində isə ədalət var. Başqa sözlə desəm, heyrətim ƏDALƏTİ tapmışdı!
Vaxtilə bir insan haqqında mənə məlumat verən, həmin xəbərin onun həyatına necə təsir edəcəyini bəlkə də düşünməyən adam indi eyni ağrını öz övladına görə yaşayırdı.
Və ən dəhşətlisi: bu dəfə məlumatı verən məhz o vaxt həmin xəbərdən zərər çəkən adam idi.
Və ən qəribəsi: onların ikisi də bu əlaqədən xəbərsizdir.
Və ən ağrılısı: nə biri qisas almaq niyyətində idi, nə də digəri vaxtilə etdiyinin qarşılığını alacağını düşünürdü.
Keçmiş məmur bilmir ki, indi oğluyla bağlı xəbər yayılan adam vaxtilə onun haqqında mənə məlumat verən şəxsdir.
O biri dostum da bilmir ki, indi oğluyla bağlı xəbərin mənbəyi vaxtilə zərər vurduğu həmin məmurdur.
Biri özünün də xəbəri olmadan sanki qisasını aldı. Digəri isə vaxtilə başqasına yaşatdığı ağrını indi özü yaşayır.
Bütün bunları isə yalnız mən bilirəm. Onların hər ikisi sadəcə xəbər vermişdi. Hər ikisi də yəqin düşünürdü ki, jurnalistə məlumat verir, o da işini görəcək.
Jurnalist də sağ olsun, hər iki dəfə işini gördü. İndi isə oturub özünü qınayır…
Yəqin, yenə bir neçə gün işdən küsəcəyəm. Görünür, bu peşədə ən çətin iş xəbəri yazmaq yox, yazdığın xəbərlə yaşamaqdır.
Amma bu dəfə məni ən çox düşündürən öz məyusluğum deyil, həyatın qurduğu bu qəribə əlaqədir.
Biz bəzən haqsızlıq görəndə soruşuruq: Ədalət hardadı? Niyə pislik edənlər cəzasız qalır?
Bəlkə, çox şeydən xəbərimiz yoxdur?
Axı bu hadisədə də bir insan üçün sanki ədalət bərpa olunub, digəri isə vaxtilə etdiyinin qarşılığını yaşayıb. Amma heç birinin bundan xəbəri yoxdur.
Bu iki adam da bəlkə heç vaxt aralarındakı əlaqədən xəbər tutmayacaq. Hərəsi öz başına gələni haqsızlıq kimi xatırlayacaq.
Bəlkə də həyatda belə hadisələr düşündüyümüzdən daha çoxdur. Kiminsə cəzasız qaldığını düşünürük, amma onun öz əməlinin qarşılığını harada, nə vaxt və necə yaşadığından xəbərimiz olmur.
İllər əvvəl Nəşriyyatın binasında ədaləti axtarırdıq. Sən demə, elə “Ədalət”in içindəymiş.
Bəlkə də ilahi ədalət də belədir. Biz onu uzaqlarda axtarırıq, o isə lap yaxınımızda, bəlkə də gözümüzün qabağında.
Sadəcə, bizim bundan xəbərimiz olmur…
Elçin Zahiroğlu