Ru
14:55 / 15 İyul 2026

Əhmədinejad hədəfdə: MOSSAD-la gizli görüşün detalları

Əhmədinejad hədəfdə: MOSSAD-la gizli görüşün detalları
Eye

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad yenidən xarici kəşfiyyata işləməkdə ittiham olunur. Əhmədinejadın İsrail kəşfiyyatının nümayəndələrilə gizli görüşlər keçirdiyi, ona pul ödənildiyi və onu yenidən hakimiyyətə gətirməyə çalışdığı iddia olunur.

“Bakupost” xəbər verir ki, bu barədə “The New York Times”a ABŞ və İran rəsmiləri məlumat verib.

Bildirilir ki, 2024-cü ilin əvvəlində Macarıstanın yüksək vəzifəli hökumət rəsmisi paytaxt Budapeştdəki Lüdovika Universitetinin rektorundan iqlim dəyişikliyinə həsr olunmuş konfrans keçirməyi və Əhmədinejadı tədbirə dəvət etməyi xahiş edib. İddiaya görə, həmin konfrans Əhmədinejadla İsrail kəşfiyyatçıları arasında gizli görüşlərin keçirilməsi üçün pərdə rolunu oynayıb.

İsrailin onunla əlaqə qurmaqda məqsədi isə gələcəkdə Əhmədinejadı İranın yeni lideri kimi hakimiyyətə gətirmək niyyətilə bağlı olub. Əhmədinejad bu məqsədlə 2024-2025-ci illərdə Macarıstana ardıcıl səfərlər edib.

Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, Əhmədinejadla bağlı səslənən iddialar daha çox tərəflər arasında aparılan informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir:



“Əhmədinejadın İsrail kəşfiyyatı ilə əməkdaşlıq etməsinə dair səsləndirilən xəbərlər təbii olaraq müəyyən suallar doğurur. Əhmədinejadla bağlı informasiya ölkə daxilində informasiya müharibəsinin tərkib hissəsidir. Burada xüsusilə də İranın siyasi isteblişmenti daxilində fikir ayrılıqlarını və ziddiyyətləri dərinləşdirmək məqsədi daşıyan informasiya əməliyyatı ehtimalını nəzərə almaq lazımdır”.

Bununla belə ekspert nəzəri baxımdan Əhmədinejadın xarici kəşfiyyat orqanı ilə əməkdaşlığını istisna etmədi:

“Əlbəttə, istənilən şəxsin xarici kəşfiyyat orqanı ilə əməkdaşlığa cəlb olunması nəzəri baxımdan mümkündür. Lakin belə bir iddianın sübuta yetirilməsi olduqca çətindir və təkcə mediada yayılan xəbərlər bunun üçün kifayət etmir”.

Eyni zamanda, müsahibimizin sözlərinə görə, müharibə və yüksək siyasi gərginlik dövrlərində qarşılıqlı ittihamların səsləndirilməsi adi haldır:

“ABŞ və İsrail bir tərəfdə, İran isə digər tərəfdə olmaqla uzun illərdir bir-birinə qarşı həm ideoloji, həm də informasiya müharibəsi aparır. Belə şəraitdə rəqib tərəfin nüfuzuna xələl gətirməyə yönəlmiş müxtəlif iddiaların ortaya atılması təəccüblü deyil”.

Konfliktoloq hesab edir ki, bu kimi iddialar yalnız etibarlı və müstəqil sübutlarla təsdiqləndiyi halda qəti qərar vermək olar:
“Düşünürəm ki, Əhmədinejad daha çox İranın mühafizəkar siyasi dairələrini təmsil etdiyinə və uzun illər dini rəhbərliyə yaxın fiqurlardan biri hesab olunduğuna görə, onun haqqında səsləndirilən bu cür ittihamlara ehtiyatla yanaşmaq lazımdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar