Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"İstehlak krediti götürən şəxslər üçün həmin xidmətdən istifadə etmək isə könüllü olacaq", - deyə o qeyd edib.
AMB rəsmisi deyib ki, işsizlikdən sığorta ilə bağlı qaydalar hazırlanıb.
Onun sözlərinə görə, bu sahədə tənzimləyici dəyişikliklər üzərində də iş aparılır və onların ilin sonuna qədər qüvvəyə minməsi nəzərdə tutulur:
“Bu sığorta şəxslərin işsiz qalması ilə bağlı risklərdən qorunmasına kömək edəcək. İşçinin öz istəyi ilə işdən ayrılması və ya kütləvi ixtisarlar kimi hallar da müvafiq qaydalar çərçivəsində sığorta təminatına daxil ediləcək. Beləliklə, istehlak kreditləri üzrə işsizlik sığortası kredit götürən şəxslərin işsiz qaldıqları halda qarşılaşa biləcəkləri maliyyə çətinliklərinin azaldılmasına xidmət edən alət olacaq. Sığortanı əldə edib-etməmək isə müştərinin öz seçimindən asılıdır".
İqtisadçı ekspert Xalid Kərimli
“Bakupost”a bildirib ki, işsizlikdən sığorta xidmətinin məcburi olması işsizlərə heç nə verməyəcək:
“İşsizlikdən sığorta odur ki, bankdan kredit götürəndən sonra işsiz olan şəxslə bağlı sığorta işə düşəcək. Yəni iş yerindən ayrıldığı halda belə həmin şəxs krediti vermək məcburiyyətindədir. Bu zaman kreditin qaytarılması üçün də sığorta ödəniş edəcək”.
Ekspert qeyd edir ki, istehlak kreditləri üçün bunun könüllü olması yaxşı haldır:
“İpoteka krediti götürən vətəndaşın əmlakı və həyatı sığortalanır, indi də işsizlik sığortası gündəmə gəlir. Bu isə ipoteka krediti alanın sığorta ödənişlərini artıracaq”.
Müsahibimizin sözlərinə görə, istənilən halda, kredit götürənlər əlavə ödənişlər, sığorta haqqı ödəməli olacaq:
“Onun işsiz qalması fonunda isə həmin sığorta mexanizmi işə düşəcək. Bunun indiki işsizlərə heç bir təsiri olmayacaq. Yalnız işləyib kredit götürüb, sonradan işsiz olanlara təsir göstərəcək”.
Rüfət Sultan,
BakuPost