Ərəb ölkələri olan Əlcəzairlə Birləşmiş Ərəb Əmirliyi(BƏƏ) arasında münasibətlər korlanıb.
Əlcəzair ikitərəfli mübahisələrin həlli üçün "bütün variantların tükəndirdiyini" bəyan edərək, BƏƏ-lə diplomatik münasibətləri kəsib və səfirindən 48 saat ərzində BƏƏ-ni tərk etməyi tələb edib. Onlar həmçinin Əlcəzairin hava məkanını Əmirliklərdə qeydiyyatdan keçmiş bütün hərbi və mülki təyyarələr üçün bağlayıblar.
“Bakpost” xarici mətbuata istinadən xəbər verir ki, tədbir cümə günü gecə yarısında qüvvəyə minib.
Əlcəzair konkret faktlar göstərməsə də, Körfəz dövlətini "təxribatçı və düşmənçilik hərəkətlərində" suçlayıb.
Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, "Əlcəzair BƏƏ tərəfinin diqqətini cəlb etmək və onları acınacaqlı və əsassız davranışlarının gətirib çıxara biləcəyi ağır nəticələr barədə xəbərdar etmək üçün səy göstərsə də, BƏƏ hərəkətlərini davam etdirərək, artıq onu məqbul və dözümlü hesab edilə bilməyəcək nöqtəyə çatdırıb.
Müşahidəçilər qeyd edir ki, iki ölkə arasında münasibətlər uzun illərdir çox gərgin olaraq qalır. Əlcəzair BƏƏ-nin Şimali Afrika və Sahel bölgəsinə müdaxiləsini xarici siyasət prinsiplərinə zidd və təhlükəsizliyinə dolayı təhdid kimi qiymətləndirib. Xüsusilə, BƏƏ-nin Mərakeş Əlcəzair ərazisinin bir hissəsinə iddialarını dəstəkləməsi Afrikanın ən böyük ərəb ölkəsini ciddi şəkildə narahat edib. Digər tərəfdən, BƏƏ-nin 2020-ci ildə İsrail ilə münasibətləri normallaşdırması da bu gərginliyi artırıb.
Əlcəzair prezidenti Əbdülməcid Tebbune BƏƏ-ni regiondakı ölkələrdə sabitliyi pozmağa çalışan "mikrodövlət" adlandıraraq, bildirib ki, “onlar hara addım atsalar, qan tökülür".
Öz növbəsində BƏƏ hakimiyyəti qərardan təəssüfləndiyini qeyd edib.
Ölkənin Xarici İşlər Nazirliyi Əlcəzairlə "qardaşlıq əlaqələrini" qorumaq üçün bu addımın müvəqqəti olacağına ümid etdiklərini bildirib.
Rüfət Sultan,
BakuPost