Ru
16:04 / 24 Avqust 2026

Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO

Elçibəyin qardaşı qızının evi əlindən alındı  - FOTO
Eye

Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin qardaşı İbrahim Əliyevin qızı Züleyxa Əliyeva mənzillə bağlı ciddi problemlə üzləşib.

"Bakupost"a Züleyxa Əliyevanın yaxınlarının verdiyi məlumata görə, mübahisə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən və “Aspirantların yataqxanası” kimi tanınan binanın sökülərək yerində yeni yaşayış binasının tikilməsi ilə bağlıdır.

İddia olunur ki, həmin ünvanda Züleyxa Əliyevanın ailəsinə məxsus mənzil olub. Mənzil vaxtilə onun həyat yoldaşı Məmmədhəsən Əliyevə dövlət tərəfindən verilib və ailə uzun illər burada yaşayıb. Həyat yoldaşının vəfatından sonra isə mənzil Züleyxa Əliyevaya qalıb.

Köhnə binanın sökülərək yerində yeni yaşayış binasının inşası “İnşaat Konstruksiyaları” MMC tərəfindən həyata keçirilib.

Züleyxa Əliyevanın yaxınlarının sözlərinə görə, şirkət sökülən mənzilin əvəzində yeni tikilidə mənzil verilməsi, həmin vaxtadək isə aylıq 300 manat kirayə haqqının ödənilməsi barədə öhdəlik götürüb.

"Bakupost"a təqdim edilən sənədlərdən görünür ki, 6 avqust 2021-ci ildə “İnşaat Konstruksiyaları” MMC ilə Səxavət Zülfüqar oğlu Məmmədov arasında 257002 nömrəli müqavilə imzalanıb.

Müqavilədə “ilkin payçı” kimi Züleyxa İbrahim qızı Əliyevanın adı göstərilib.

Sənədə əsasən, şirkət Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında tikilən yüksək mərtəbəli yaşayış binasının 4-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kvadratmetr olan 257 nömrəli ikiotaqlı mənzili təmirsiz şəkildə payçıya verməyi öhdəsinə götürüb.

Lakin ailənin iddiasına görə, sonradan həmin mənzilin başqa şəxsə də satıldığı məlum olub.

Bildirilir ki, bundan xəbər tutan digər alıcı şirkətdən şikayət edib, daha sonra ödədiyi vəsaiti geri aldıqdan sonra mənzillə bağlı iddiasından imtina edib.

Ailə bununla problemin həll olunduğunu düşünüb.

Ancaq bir neçə ay əvvəl binanın təhvil verilməsi yaxınlaşdığı üçün mənzildə təmirə başlamaq istəyən Züleyxa Əliyeva və Səxavət Məmmədov gözləmədikləri mənzərə ilə qarşılaşıblar.

Onların iddiasına görə, 257 nömrəli mənzildə artıq başqa bir şəxs təmir işlərinə başlayıb və hətta mənzilə yeni qapı quraşdırılıb.

Məsələni araşdırmağa çalışarkən ailəyə həmin mənzilin yenidən başqa şəxsə satıldığı bildirilib.

Beləliklə, Züleyxa Əliyevanın ailəsi müqavilə ilə onlara ayrılmış mənzilin faktiki olaraq başqa şəxsin istifadəsində olduğunu iddia edir.

Ailənin sözlərinə görə, bundan sonra şirkətin rəhbəri Rauf Əliyevlə əlaqə yaratmağa dəfələrlə cəhd edilib.

Züleyxa Əliyeva və yaxınları onunla görüşmək üçün tikilən binanın ərazisində yerləşən ofisə dəfələrlə getsələr də, görüşə bilmədiklərini bildirirlər.

Onların sözlərinə görə, telefon zəngləri də cavabsız qalır.

Ailə yalnız mənzil məsələsində deyil, kirayə haqqının ödənilməsində də şirkətin öhdəliyini yerinə yetirmədiyini iddia edir.

Belə ki, sökülmüş mənzilin əvəzində yeni mənzil təhvil verilənədək aylıq 300 manat kirayə haqqı ödənilməli imiş. İddialara görə, ödənişlər bir müddət həyata keçirilsə də, sonradan dayandırılıb.

Hazırda ailə ödənilməmiş kirayə haqqının ümumi məbləğinin 15 min manata yaxın olduğunu bildirir.

Züleyxa Əliyeva üzləşdiyi vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazılı müraciət etdiyini bildirib.

O, məsələnin araşdırılacağına və hüquqlarının bərpa olunacağına ümid etdiyini deyib.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC və onun rəhbərliyi ilə bağlı daha əvvəl də mediada müxtəlif şikayətlər və mənzil mübahisələri barədə məlumatlar yayılıb. Lakin həmin məlumatların hər biri ayrıca hüquqi qiymətləndirmə tələb etdiyindən hazırkı işlə bağlı şirkət rəhbərliyinin mövqeyi də mühüm əhəmiyyət daşıyır.

"Bakupost" olaraq “İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevin də mövqeyini öyrənməyə hazırıq.

Elnur,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar