Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir.
"Bakupost" Lent.az-a istinadən xəbər verir ki, əllərin keyiməsi hər zaman düzgün olmayan yatış vəziyyəti ilə əlaqəli deyil.
Əksər hallarda insan yuxu zamanı uzun müddət eyni vəziyyətdə qaldığı üçün sinirlər sıxılır və nəticədə əl keyiyir.
Bədənin vəziyyəti dəyişdirildikdən sonra xoşagəlməz hisslər adətən qısa müddətdə aradan qalxır.
Lakin gecələr mütəmadi olaraq əllərin keyiməsi karpal tunel sindromunun əlaməti ola bilər. Bu zaman bilək nahiyəsində təzyiqin artması nəticəsində orta sinir sıxılır. Əsasən baş barmaq, şəhadət və orta barmaq keyiyir.
Əlamətlər isə xüsusilə gecələr daha da güclənə bilər.
Zaman keçdikcə problem gündüz saatlarında da özünü göstərə bilər. Məsələn, telefondan uzun müddət istifadə edərkən, avtomobil idarə edərkən və ya hər hansı əşyanı əldə saxlayarkən keyimə yarana bilər.
Keyimə və iynələnmə ilə yanaşı, bəzən əl nahiyəsində ağrı və zəiflik də müşahidə olunur. Nəticədə insan əlində tutduğu əşyaları daha tez-tez yerə sala bilər.
Əgər əsasən çeçələ barmaq və adsız barmağın bir hissəsi keyiyirsə, bunun səbəbi dirsək sinirinin sıxılması ola bilər. Belə hal çox vaxt yuxu zamanı dirsəyin uzun müddət bükülü vəziyyətdə qalması və ya üzərinə təzyiq düşməsi nəticəsində yaranır.
Problemin mənbəyi yalnız əllərlə bağlı olmaya da bilər. Boyun nahiyəsində, məsələn, onurğada baş verən dəyişikliklər nəticəsində sinirlər qıcıqlana və ya sıxıla bilər. Bu halda keyimə boyun, çiyin və ya qolda ağrı ilə müşayiət oluna bilər.
Əllərin keyiməsinin digər mümkün səbəbləri arasında şəkərli diabet, periferik neyropatiya və B12 vitamini çatışmazlığı da var. Bununla belə, yalnız bir əlamətə əsaslanaraq problemin səbəbini müstəqil müəyyənləşdirmək mümkün deyil.
Keyimə mütəmadi olaraq insanı gecə yuxusundan oyadırsa, gündüzlər də təkrarlanırsa, getdikcə güclənirsə və ya əldə zəiflik yaranırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Xüsusilə keyimə qəfil başlayarsa və eyni zamanda əzələ zəifliyi və ya iflic, nitq pozğunluğu, şüur qarışıqlığı, başgicəllənmə, yaxud qəfil və şiddətli baş ağrısı müşahidə olunarsa, vaxt itirmək olmaz. Belə vəziyyətdə təcili tibbi yardım tələb olunur.