Hüquqşünas, sabiq prokuror, hazırda vəkillik fəaliyyəti ilə məşğul olan, eyni zamanda poeziya yaradıcılığı ilə seçilən şair Sabir Abdinin yeni çapdan çıxmış “Əlvida deyirəm ayrılıqlara” adlı şeirlər kitabının təqdimatı keçirilib.
“Qanun” Nəşriyyatında baş tutan tədbirdə şairlər, yazıçılar, kitabsevərlər, Sabir Abdinin oxucuları və dostları iştirak ediblər.
Təqdimat mərasimində professor Asif Rüstəmli çıxış edərək Sabir Abdinin yaradıcılığı, yeni kitabı, poetik dünyası və poeziyası haqqında geniş məruzə ilə çıxış edib. Professor qeyd edib ki, Sabir Abdinin şeirlərində insan duyğuları, vətən sevgisi və həyat müşahidələri xüsusi poetik ahənglə ifadə olunur.
Sabir Abdin (Abdinov Sabir Məzlumağa oğlu) 1962-ci il yanvarın 16-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi bitirib. 1988-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsini başa vurub. Uzun illər prokurorluq orqanlarında çalışıb, baş ədliyyə müşaviri olub. 2022-ci ilin yanvar ayında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Hazırda vəkillik fəaliyyəti ilə məşğul olan Sabir Abdin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, məktəb illərindən ədəbi yaradıcılıqla məşğuldur.
“Əlvida deyirəm ayrılıqlara” kitabı müəllifin “Demə, mənə, heç nə demə”, “Qınamasın bu yurd məni”, “Mənə dəniz verin”, “Sənə məktublarım”, “Sizsiz, sizinlə” və “Adını sən seç” kitablarından sonra oxucularla növbəti görüşüdür.
Yeni kitabda müəllifin işığa, ümidə və sevgiyə ünvanlanan poetik duyğuları yer alıb. Şeirlərinə yüzdən artıq mahnı bəstələnən Sabir Abdinin yaradıcılığı insan hisslərini, kədərini və həyat müşahidələrini poetik dillə əks etdirir.
Mənim ata yurdum, anam Yardımlım
Buz tək bulağından içib duruldum,
Zirvədən-zirvəyə uçub, yoruldum.
Sənə vurulmuşdum, yenə vuruldum,
Mənim ata yurdum, anam Yardımlım.
Dağların döşündə bitən çiçəksən,
Yayda əsən mehəsən, ötən küləksən,
Sən mənim köksümdə çarpan ürəksən,
Mənim ata yurdum, anam Yardımlım.
Məni Şahnışində səslədi göylər,
Dağını, düzünü süslədi göylər.
Səndən uzaqlarda qəlbimiz göynər,
Mənim ata yurdum, anam Yardımlım.
Burda göylər yerə necə də yaxın,
Ulduzlar sayrışır hey axın-axın,
Gözəllik yurdunu kim sevməz axı,
Mənim ata yurdum, anam Yardımlım.
Dağların nərgizi, laləsi sənsən,
Yurdumun yamyaşıl talası sənsən,
Ərən oğulların qalası sənsən,
Mənim ata yurdum, anam Yardımlım.
avqust, 2018
⸻
Şəlaləm
Yardımlı şəlaləsinə
Qayalardan uçursan,
Uçub qanad açırsan,
Sən gözəllik saçırsaң
Bahar, yazlı Şəlaləm.
Sən nur, işıq payısan,
Dağların harayısan,
Günəşisən, Ayısan,
Ala gözlü Şəlaləm.
Şirin layla kimisən,
Gah eşq, nalə kimisən,
Məcnun, Leyla kimisən,
Sirli, sözlü Şəlaləm.
Göz yaşıtək duruldun,
İnci oldun, dürr oldun,
Deməzsən ki yoruldun,
Nazlı, duzlu Şəlaləm.
Hörüyün qulac-qulac,
Günəşimdir sənə tac,
Nəğmələrinlə gül aç,
Ay gül üzlü Şəlaləm.
Bu dağlara beşiksən,
Gecə, gündüz keşiksən,
Sən könlümə işıqsan,
Ay nur üzlü Şəlaləm.
Qeyd edək ki, Sabir Abdin uzun illər prokurorluq orqanlarında çalışmaqla yanaşı bədii yaradıcılıqla da məşğul olub, 6 kitabın müəllifidir.
O, vaxtilə prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb, baş ədliyyə müşaviridir.
Vəkillər Kollegiyasının üzvü olan S.Abdin hazırda vəkillik fəaliyyəti ilə məşğuldur.
Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən onun 100-dən çox şeirinə mahnılar bəstələnib.
Onun sözlərinə yazılmış "Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnılar dillər əzbəridir.
Röya Rizvanzadə,
BakuPost