Seçkilərdə məğlub olan iş adamı Samvel Karapetyan indi də müxalif qüvvələrin birləşməsinə çalışır.
Bakupost.az xəbər verir ki o, bu prosesə artıq start verildiyini açıqlayıb.
Karapetyan hesab edir ki, müxalif düşərgə daha sıx əməkdaşlığa getməli və vahid platformada çıxış etməlidir.
Bu məqsədlə də iş adamı koordinasiya şurasının yaradılmasını, ictimaiyyətlə açıq dialoqun qurulmasını və mövcud problemlərin canlı yayımlar vasitəsilə müzakirə edilməsini təklif edib.
Siyasi şərhçi Mehman Əliyev
Bakupost.az-a bildirib ki, erməni müxalifətinin birləşməsi məsələsi real deyil:
“Əksinə, müxalifət düşərgəsində qaça-qaç artacaq. Hətta bəziləri Paşinyanın tərəfinə keçəcək. Ona görə də müxalifətin birləşməsi perspektivini görmürəm. Koçaryanla Sarkisyan “Qarabağ klanı”na aiddirlər. Ermənistanda onların reytinqi isə çox aşağıdır. Belədə, onlara qoşulanlar da reytinq itirəcək. Onlarla birləşmək Karapetyanın özünə də problem yaradacaq”.
Ekspert hesab edir ki, Paşinyan mövcud vəziyyətdə hətta parlamentdə konstitusion çoxluğa da nail ola bilər:
“4-5 müxalif deputatın Paşinyan tərəfinə keçəcəyini düşünürəm. Baş nazir həm də Koçaryan və digər müxaliflərə qarşı təzyiqləri artıracaq. Seçki başa çatan kimi Sarukyanla Koçaryan ölkəni tərk etməyə çalışdılar. Onlar ölkəni tərk edirsə, müxalifətin mübarizəyə və birləşməyə hazır olacaqları belə sual altında qalır. Onlar indi daha çox öz talelərini fikirləşir ki, mövcud vəziyyətdən çıxsınlar”.
Hımsöhbətimizin sözlərinə görə, Ermənistanda müxalifətin revanş proqramına yer yoxdur:
“Ermənistanda bundan sonra iqtisadi, sosial, siyasi sahələrdə müsbət proseslər gedəcək. Azərbaycanla sülh sazişi başlanacaq, Türkiyə ilə yolla açılacaq. Erməni cəmiyyəti də bu proseslərə qatılır və bu əsasda Paşinyandan çox şeylər gözləyirlər”.
Rüfət Sultan, BakuPost