Ermənistan hakimiyyəti ölkənin dəmir yollarının idarə olunması üzrə Rusiya ilə mövcud konsessiya müqaviləsinə xitam verilməsi imkanını açıq şəkildə gündəmə gətirib.
“Bakupost” xəbər verir ki, baş nazir Nikol Paşinyan jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırarkən hökumətin bunun üçün həm konkret mexanizmlərə, həm hüquqi alətlərə, həm də əsaslara malik olduğunu bildirib.
Amma o, söhbətin hansı əsaslandırmadan getdiyini açıqlamayıb. Ermənistanın baş naziri bildirib ki, zamanı çatanda bu barədə danışılacaq. Onun sözlərinə görə, məsələ hüquqi əsasdan daha çox siyasi qərarla bağlıdır.
Hüquqşünas Qulamhüseyn Əlibəyli
“Bakupost”a bildirib ki, təxminən bir il bundan əvvəl Paşinyan məsələni qaldıranda Rusiyaya Ermənistanın bütün dəmir yolu təsərrüfatını yenidən qurmağı təklif etdi:
“Bu artıq konsessiya müqaviləsindən irəli gələn şərtdir. Çünki bu müqavilə təkcə dəmir yolunun istismarını deyil, eyni zamanda, yenidən qurulması, təmir işləri və digər infrastruktur məsələlərini də əhatə edir. Amma Rusiya həmin dövrdə bundan birmənalı şəkildə imtina etdi”.
Müsahibimiz qeyd edir ki, konsessiyaya görə, başqa dövlətlər yalnız Moskvanın razılığı əsasında prosesdə yer ala bilər:
“Ermənistan başqa dövlətlərlə danışıqlara başlasa da, bu, baş tutan danışıqlar deyildi. Çünki konsessiya müqaviləsinə görə, başqa dövlətlər yalnız Moskvanın razılığı ilə prosesə cəlb oluna bilərlər. Bu əsasda İrəvan növbəti dəfə Moskvaya müraciət edərək, dəmir yolunun Qazaxıstan, BƏƏ kimi hər ikisini qane edən dövlətlərin istifadəsinə verilməsini təklif etdi. Rusiya bundan da imtina etdi”.
Həmsöhbətimizin sözlərinə görə, Ermənistan dəmir yollarının həm TRİPP marşurutu, həm də “Şimal-Cənub” marşrutu ilə bağlı olaraq ciddi şəkildə yenidənqurulmasına ehtiyacı var: “Moskva isə konsessiya müqaviləsinin şərtlərini pozaraq bunu yerinə yetirməkdən imtina edir”.
Belə vəziyyətdə hüquqşünas hesab edir ki, İrəvan beynəlxalq arbitraja müraciət edərək, Rusiya ilə bağlanan müqavilənin ləğv olunması məsələsini qaldıra bilər.
Rüfət Sultan,
BakuPost