Türkiyəli məşhur aktyor Cəlal Al barəsində Ermənistan mediasında əsassız xəbərlər tirajlanıb.
"Bakupost" oxu.az-a istinadən xəbər verir ki, Cəlal Alın fotosundan onunla heç bir əlaqəsi olmayan xəbərdə istifadə olunması aktyorun haqlı narazılığına səbəb olub.
Söhbət Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində axtarış elan edilən Türkiyə vətəndaşlarından birinin aktyor olması və “Diriliş Ertoğrul” serialında çəkilməsi ilə bağlı xəbərdən gedir. Azərbaycanın axtarışa verdiyi sosial şəbəkədəki “Abdurrahman Tumer” profilinin sahibi sözügedən serialda epizodik -“bəy” rolunda çəkilib. Cəlal Al isə həmin serialda əsas obrazlardan sayılan “Abdurrahman alp (bəy)” rolunu ifa edib. Lakin müvafiq materiallarda erməni mediası tərəfindən Abdurrahman Tumerin əvəzinə Cəlal Alın fotosu tirajlanaraq xəbər təhrif olunub.
Sözügedən fakt Ermənistan mediasının peşəkarlığını şübhə altına alır. Buraxılan kobud “səhv” erməni mediasının bilik və bacarıqlarının yetərsiz olduğunu açıq şəkildə göstərir və ya məqsədli şəkildə təhrifə yol verilməsi ehtimalını gündəmə gətirir. Beləliklə, erməni mediasının hazırladığı, daha öncə tirajladığı və ya gələcəkdə yayımladığı xəbərlərin nə dərəcədə həqiqətə söykənməsi ciddi suallar doğurur.