Seçkilərin ardınca Ermənistanda vəzifə bölgüsünə start verilir.
Məlumatlara görə, vəzifə bölgüsü fonunda bir sıra yerdəyişmələr olacaq.
Belə ki, Vaaqn Xaçaturyandan sonra Ermənistan Prezidenti postunu parlamentin hazırkı sədri Alen Simonyanın tutacağı iddia olunur.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası İdarə Heyəti artıq bununla bağlı qərar verib.
Mənbənin məlumatına görə, İdarə Heyəti prezidentliyə Alen Simonyanın namizədliyini irəli sürəcək. Hazırkı prezident Vaaqn Xaçaturyan isə baş nazir Nikol Paşinyanın baş müşaviri təyin ediləcək.
Siyasi şərhçi Rəşad Bayramov
Bakupost.az-a bildirib ki, Alen Simonyanın prezidentliyə namizəd olaraq göstərilməsi ilk növbədə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının siyasi xəttini daha da gücləndirmək cəhdi kimi qiymətləndirilməlidir:
“Alen Simonyanın adı bundan əvvəl də Prezidentliyə namizəd olaraq hallanırdı, lakin son nəticədə həmin postu Vaaqn Xaçaturyan tutdu. Ermənistanın siyasi sistemində prezident institutu məhdud səlahiyyətlərə malikdir. Lakin buna baxmayaraq bu vəzifə dövlət simvolizmi və beynəlxalq təmsilçilik baxımından müəyyən əhəmiyyət daşıyır.
Alen Simonyanın mümkün namizədliyi isə təsadüfi seçim kimi görünmür. O, uzun müddətdir Baş nazir Nikol Paşinyanın siyasi komandasının əsas fiqurlarından biri hesab olunur və hakimiyyətin mövqelərini parlamentdə müdafiə edən şəxslərdən biridir. Onun prezident postuna keçməsi hakim komandanın dövlət institutları daxilində siyasi uyğunluğu daha da artırmaq istəyi ilə izah oluna bilər”.
Onun fikrincə, bu addım göstərir ki, Paşinyan administrasiyası üçün prezidentlik institutu ilə hökumət arasında mümkün fikir ayrılıqlarının qarşısını almaq və vahid siyasi xətt formalaşdırmaq əsas məqsədlərdən biri ola bilər.
Vaaqn Xaçaturyanın baş nazirin müşaviri kimi başqa vəzifəyə keçirilməsinə gəldikdə, müsahibimiz bunu hakimiyyət daxilində kadr dəyişikliklərinin bir hissəsi kimi qiymətləndirdi:
“Xaçaturyan daha çox kompromis və idarəçi obrazı ilə tanınır və onun yeni vəzifədə hökumətə yaxın mövqedə qalması hakimiyyət daxilində davamlılığın qorunmasına xidmət edə bilər”.
R. Bayramov hesab edir ki, bu dəyişikliklərin arxasında daxili siyasi amillərlə yanaşı, qarşıdakı dövrün regional çağırışları da dayanır:
“Ermənistan hazırda Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh sazişi, regional nəqliyyat layihələri və təhlükəsizlik məsələləri ilə bağlı mühüm qərar mərhələsindədir. Belə bir dövrdə Paşinyan komandasının dövlət idarəçiliyində daha çox siyasi etibar etdiyi şəxslərə üstünlük verməsi anlaşılandır. Hakimiyyət ehtimal ki, qərarların qəbulunda daxili koordinasiyanı gücləndirmək istəyir.
Regional baxımdan isə Alen Simonyanın prezident olması Ermənistanın xarici siyasət kursunda kəskin dönüş yaradacağı anlamına gəlmir. Ölkədə əsas qərarverici institut hökumət olaraq qalır və xarici siyasətin əsas istiqamətlərini Baş nazir müəyyən edir. Buna görə də mümkün dəyişiklik daha çox daxili idarəetmə və siyasi komandanın konsolidasiyası ilə bağlı addım kimi qəbul olunmalıdır”.
Ekspertin sözlərinə görə, bu kimi addımlar ümumiyyətlə həm daxili sabitliyi qorumaq, həm də regional proseslərdə daha vahid mövqe nümayiş etdirmək məqsədi daşıyan siyasi manevrlərdir:
“Ümumilikdə isə Ermənistanda prezident postunda gözlənilən dəyişiklik hakimiyyətin qarşıdakı siyasi mərhələyə daha sıx koordinasiya olunmuş komanda ilə daxil olmaq istəyini göstərir”.
Rüfət Sultan, BakuPost