Ru
17:25 / 08 İyul 2026

Ermənistanda referendum təşəbbüsü: Putindən gələn çağırışa cavab

Ermənistanda referendum təşəbbüsü: Putindən gələn çağırışa cavab
Eye

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iyulun 7-də vətəndaş təşəbbüsü əsasında referendumun keçirilməsi ilə bağlı müraciəti qəbul edib.

"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan qanunvericiliyinə görə, 10 gün ərzində MSK-nın xüsusi iclası keçirilməli və 300 000 imzanın toplanması üzrə rəsmi kampaniya təsdiqlənməlidir. Əgər təşəbbüskarlar lazımi sayı toplaya bilsələr, dövlət məsələni ümumxalq referendumuna çıxarmağa məcbur olacaq.

Layihədə təklif olunur ki, Ermənistan tərəfindən artıq imzalanmış və mövcud dövlətlərarası müqavilələrə birbaşa zidd olan dövlətlərarası müqavilələri Ermənistan Respublikasının imzalamasına Konstitusiyada qadağa qoyulsun.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakupost.az-a bildirib ki, Ermənistanda vətəndaşların təşəbbüsü əsasında referendum keçirilməsi və referenduma çıxarılacaq məsələnin qoyuluşu Avrasiya İqtisadi İttifaqı(Aİİ) və Rusiyaya münasibətdə konstitusion əsas yaratmaqla Moskva-İrəvan münasibətlərinin və İrəvanın Aİİ-dəki öhdəlikləri lehinə konstitusion şərtlərin formalaşdırılmasına cəhddən xəbər verir:

“Bu referendum baş tutarsa və təklif qəbul edilərsə, o zaman Ermənistanın Avropaya inteqrasiya yolu və imkanları məhdudlaşdırılacaq. Bu isə həm də o anlama gəlir ki, Ermənistan parlamentinin 2025-ci ildə Avropa İttifaqına inteqrasiya ilə bağlı qəbul etdiyi qərar qüvvədən düşmüş hesab edilsin. Çünki Aİ ilə Aİİ arasında iqtisadi, gömrük əlaqələri və inteqrasiyalar arasında kəskin fərqlər olduğundan və İrəvan artıq Aİİ ilə beynəlxalq müqavilə imzalayıb, üzərinə öhədəlik götürdüyündən, eynisini Aİ ilə edə bilməz”.

Deputatın sözlərinə görə, burada məqsəd Paşinyanın Aİ-yə inteqrasiya siyasətini ləngitmək, Ermənistan-Rusiya münasibətlərini Aİİ çərçivəsində dərinləşdirib, onu hüquqi norma halına gətirməkdir:

“7 iyun parlament seçkilərindən əvvəl Rusiya Prezidenti Putin Ermənistanda referendum keçirilməsi çağırışı ilə çıxış edib. İndi qaldırılan məsələ də məhz rusiyayönümlü Ermənistan vətəndaşlarının həmin çağırışa cavabıdır.

Amma təşəbbüs qrupu bununla bağlı 300 minlik imzanı toplaya biləcəkmi, habelə referendumun nəticələrinin necə olacağı başqa məsələdir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar