Bir müddətdir Ermənistanda qadınlara qarşı zorakılıq əleyhinə aktiv kampaniyalar həyata keçirən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı maraqlı iddia ortaya atılıb.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bir erməni gənc sosial şəbəkədə video paylaşaraq Akopyanın bu yolla ölkədəki qadınlardan səs toplamağı hədəflədiyini, 2031-ci ildə Paşinyanın rəhbərlik etdiyi Mülkü Müqavilə Partiyasından baş nazirliyə namizədliyini irəli sürəcəyini söyləyib.
Gəncin videosu Ermənistanda gündəm olmaqla yanaşı, ictimaiyyətdə müzakirələrə səbəb olub.
Bu fonda Anna Akopyan səslənən iddiaya rəsmi cavab verib və gələcəkdə baş nazirliyə namizəd olmaq kimi bir məqsədinin olmadığını söyləyib.
Amma siyasətdə hər şeyin mümkün ola biləcəyini əsas götürsək, Anna Akopyanla bağlı iddianın da heç də boş-boşuna gündəmə atılmadığını da düşünmək olar. Ola bilsin bununla ilk növbədə cəmiyyətin prosesə reaksiyası öyrənilir.
Siyasi şərhçi Abutalıb Səmədov
“Bakupost”a bildirib ki, bu informasiyanın reallıqla heç bir əlaqəsi yoxdur:
“Anna Akopyan indiyə qədər heç bir vəzifə tutmayıb. Belə bir düşüncə olsaydı hansısa vəzifəyə təyin edib, gələcək baş nazirliyə müəyyən hazırlıqlar görülərdi. Digər tərəfdən, Paşinyanın öz yerinə keçmiş xanımını namizəd verəcəyi də ağlabatan görünmür. Ermənistan konstitusiyasında yalnız prezident vəzifəsi üçün məhdudiyyət var. Prezident bir dəfə 7 il müddətinə seçilir. Baş nazir üçün isə belə bir məhdudiyyət yoxdur. Paşinyan da o qədər yaşlı deyil, hələ uzun müddət Ermənistan siyasətində ciddi rol oynamaq imkanı var”.
Ekspertin fikrincə, hazırda Paşinyanın daşıdığı ağır yükü Ermənistanda nəinki Akopyan, heç hakim partiyada olan kişi siyasətçilər də daşıya bilməz:
“Paşinyan həmçinin üzərinə düşən böyük yükün öhdəsindən də gəlir. O həm də yaxşı natiqdir. Bu səbəbdən Paşinyan hələ uzun müddət hökumət başçısı olmaq istəyindədir. Belə olan halda baş nazirliyə əlavə yeni namizəd axtarmağa nə ehtiyac var? Anna Akopyanın isə siyasətçi kimi yadda qalan çıxışları da yoxdur”.
Bu səbəbdən müsahibimiz Akopyanla bağlı səslənən fikirləri kiminsə ortaya atdığı mənasız məsələ hesab edir:
“Paşinyanın öz postunu kiməsə etibar edəcəyini güman etmirəm. Mülki Müdafiə Partiyasında Paşinyanı əvəzləyəcək nəinki qadın, heç güclü cinsin nümayəndəsi də yoxdur. O yükü çəkəcək başqa bir siyasətçi hələ ki, görünmür”.
Rüfət Sultan,
Bakupost