Ru
15:45 / 01 Sentyabr 2026

Ermənistandan Azərbaycana ilk məhsullar gəlir – Siyahıda nələr var?

Ermənistandan Azərbaycana ilk məhsullar gəlir – Siyahıda nələr var?
Eye

Yaxın günlərdə Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən məhsul aldığı məlum olacaq.

“Bakupost” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan da Azərbaycana məhsul satmağa başlayacaq və beləliklə, iki ölkə arasında ticarət prosesi qarşılıqlı xarakter alacaq.

Maraqlıdır, Ermənistanın Azərbaycana satacağı ilk məhsullar nələr ola bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, burada artıq nəzəri imkanlardan deyil, Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən konkret məhsul alması ilə bağlı baş tutmuş və ya rəsmiləşmək üzrə olan kommersiya əməliyyatından söhbət gedir:



“Ermənistan XİN başçısı bu barədə məlumatın yaxın günlərdə açıqlanacağını bildirib. Buna görə də məhsulun adını indidən dəqiq söyləmək mümkün deyil. Amma Ermənistanın ixrac strukturuna və hazırda xaricə satışını artırmağa çalışdığı məhsullara baxdıqda bir neçə istiqamət daha real görünür”.

Ekspertin fikrincə, Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar arasında ən real variant kənd təsərrüfatı və ərzaq məhsullarıdır:

“Ermənistanın ixracında hazır qida məhsulları mühüm yer tutur və 2026-cı ilin ilk yarısında ixracın əsas kateqoriyalarından biri məhz bu sahə olub. Ermənistan xüsusilə ərik, gavalı, albalı, üzüm, pomidor, bibər, çiyələk, şaftalı və digər istixana məhsullarının ixracını genişləndirməyə çalışır. Ermənistan hökuməti də bu məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləyən proqramlar qəbul edib”.

A.Nəsirli hesab edir ki, əsas məsələ Ermənistanın həmin məhsulları Azərbaycan bazarında yerli və digər xarici təchizatçılardan daha sərfəli qiymətə təklif edib-etməyəcəyidir:

“Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən meyvə və tərəvəz alması kommersiya baxımından məntiqli görünür. Əgər qiymət, keyfiyyət və logistika baxımından üstünlük yaranarsa, Azərbaycan şirkətləri üçün belə alışların iqtisadi motivi olacaq”.

Ermənistanın Azərbaycana sata biləcəyi digər məhsullar sırasında mineral və içməli sular da göstərilir:

“Ermənistanın mineral və içməli su sektoru kifayət qədər inkişaf edib. Bu sahədə çoxsaylı istehsal müəssisələri fəaliyyət göstərir. Mineral su Azərbaycan bazarına daxil ola biləcək məhsullar sırasında xüsusilə diqqət çəkir. Lakin burada qiymət, qablaşdırma, sertifikatlaşdırma və bazar tələbi əsas rol oynayacaq”.

Ekspertin sözlərinə görə, hazır qida məhsulları, konservlər, şirniyyat və digər ərzaqlar da mümkün istiqamətlər sırasındadır:

“Ermənistanın ixracında hazır qida məhsullarının çəkisinin yüksək olması bu ehtimalı gücləndirir. Azərbaycan şirkətləri belə məhsulları pərakəndə satış şəbəkələri, restoran və hotel sektoru, yaxud qida emalı müəssisələri üçün ala bilər”.

A.Nəsirli şərab və digər içkilərin satışını da nəzəri baxımdan mümkün hesab edir:

“Ermənistan hökumətinin hazırda ixracını dəstəklədiyi məhsullar arasında şərab və mineral su da var. Amma bu kateqoriyanın Azərbaycana real tədarükündə gömrük, sertifikatlaşdırma və digər tənzimləyici məsələlər mühüm rol oynayacaq”.

İqtisadçının sözlərinə görə, Ermənistanın ixracında maşın və avadanlıqlar da əhəmiyyətli yer tutur:

“Ancaq ilk mərhələdə böyük həcmli sənaye avadanlıqlarından daha çox konkret şirkətin ehtiyac duyduğu xüsusi avadanlıq, komponent və ya texniki məhsulların alınması daha real görünür”.

A.Nəsirli hesab edir ki, Ermənistandan Azərbaycana ilk tədarüklərin sənaye məhsullarından deyil, əsasən ərzaq, kənd təsərrüfatı məhsulları, mineral su və digər istehlak mallarından ibarət olması daha realdır:

“Belə məhsullar üzrə şirkətlər arasında kiçik həcmli kommersiya müqavilələrini daha sürətlə həyata keçirmək mümkündür. Bu, həm də bazarların bir-birini tanıması baxımından daha rahat başlanğıc ola bilər.…

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar