Ru
14:07 / 26 Oktyabr 2020

Ermənistanın atəşkəs hiyləsi – Düşmənin məqsədi nədir? ŞƏRH

3709

Bu gün saat 08:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla, 2 dəfə humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər ikisi Ermənistan tərəfindən pozulmuşdu.


2 dəfə əldə olunan humanitar atəşkəsə Ermənistan məhəl qoymayıbsa, 3-cü atəşkəsə nə gərək vardı? Bu dəfəki atəşkəsin məqsədi nədən ibarətdir?


Mövzu ilə bağlı “BakuPost”a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, humanitar atəşkəsdə əsas məqsəd döyüş meydanında həlak olmuş əsgərlərin meyitlərinin, hərbi əsirlərin və döyüş bölgəsində qalan mülki vətəndaşların dəyişdirilməsidir:


“Azərbaycan humanitar atəşkəsə ciddi əməl edir və bununla da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətinə şərait yaradır. Humanitar atəşkəs zamanı döyüş əməliyyatlarının dayandırılması tələb olunur. Amma bütün bunlara baxmayaraq, Ermənistan bundan əvvəl elan olunan 2 humanitar atəşkəs rejiminin tələblərini pozub. BQXK-nin verdiyi məlumata görə, Ermənistan 1500-dək əsgərin meyitini geri götürməkdən imtina edir”.

“Ermənistan humanitar atəşkəsdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır”, - deyən millət vəkili əlavə etdi ki, Vaşinqtonda əldə olunan razılığa görə, bu gün səhər saat 08:00-dan humanitar atəşkəs elan edilib:

“Lakin verilən xəbərlər Ermənistanın yenidən bunu pozduğunu və hərbi mövqelərimizdən əlavə, yaşayış məntəqələrimizi də atəşə tutduğunu göstərir. Ermənistan hesab edir ki, hər bir humanitar atəşkəsi həyasızcasına poza bilər, bunun məsuliyyətini isə artıq Azərbaycan daşımalıdır. Amma çox böyük səhv edir. İlk növbədə Ermənistanın imza atdığı sənədlərə çox böyük etinasızlıqla yanaşdığını, ciddi bir tərəfdaş olmadığını dünya bir daha görür. Şübhəsiz ki, Azərbaycan Ermənistanın bu həyasızlığına heç də biganə qalmayacaq”.

A.Mirzəzadə vurğuladı ki, atəşkəsin Ermənistan tərəfindən pozulmasına dair ATƏT-in Minsk qrupunun həmsdərləri qiymət verməlidirlər və Azərbaycan bu situasiyaya uyğun hərəkət edəcək:

“Ermənistan hesab edirsə ki, humanitar atəşkəs elan etməklə Azərbaycanın öz torpaqlarını işğaldan azadetmə qətiyyətini poza biləcək, çox böyük səhv edir. Ermənistan bu dövrdə öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaq haqda cədvəlini təqdim etməlidir. Təqdim etməyəcək və atəşkəsi pozacaqsa, Azərbaycan, əlbəttə ki, sonrakı addımları barəsində ciddi düşünməli olacaq”.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə bildirdi ki, Azərbaycan hüquqi və sivil dövlət olaraq bütün diplomatik yollardan istifadə etməyə həmişə hazır idi və 30 il ərzində müxtəlif coğrafi məkanlarda masa arxasında diplomatik danışıqlar gedirdi:


“Artıq zaman göstərir ki, Ermənistan bu sazişlərə, hətta humanitar məqsədlərlə atəşkəs elan olunmasına riayət etmək niyyətində deyil. Hazırda Ermənistan çabalayır, uduzur və məğlubiyyətlə üzləşir. Azərbaycan öz torpaqlarını azad edir və azad etməyi davam etdirir. Görünür, Ermənistan güc dilini daha yaxşı başa düşür”.

Politoloq qeyd etdi ki, Ermənistan uduzaraq yenə də atəşkəsi pozmağa əl atırsa, Azərbaycan tərəfindən adekvat cavablar alacaq:

“Biz torpaqlarımızın müəyyən hissəsini azad etmişik və bundan sonra da bütün torpaqlarımızı işğaldan azad etmək fikrindəyik. Bunu 30 il ərzində aparıcı dövlətlər etməliydi, Ermənistana təzyiq göstərməli idilər. Etmədilər, deməli bunu özümüz etməliyik. Sadəcə olaraq, bütün xarici qüvvələr kənara çəkilsinlər. Belə olan halda, Ermənistan özü işğal olunmuş torpaqlardan rədd olmasa belə, biz məqsədlərimizə nail ola bilərik”.

Ləman Hüseynzadə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər