Ru
13:47 / 23 İyul 2026

Ət niyə od tutub yanır?

Ət niyə od tutub yanır?
Eye

“Azərbaycanda son illər mal və qoyun ətinin qiymətində müşahidə olunan artımın əsas səbəbi yem çatışmazlığı və heyvan sayının azalmasıdır”.

Bunu “Bakupost”a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

Ekspert bildirib ki, ölkədə yem istehsalı tələbatı ödəmir:

“Azərbaycanda tələbatdan iki dəfə az ot, on dəfə az yem istehsal olunur. Heyvan yem olmadan ət vermir. Qida rasionu zəif olduğu üçün heyvanların gündəlik çəki artımı cəmi 400-500 qram təşkil edir. Bu isə ətin maya dəyərini artırır.”

Onun sözlərinə görə, örüş sahələrinin azalması və məhsuldarlığın aşağı düşməsi də heyvandarlığa mənfi təsir göstərir. Nəticədə heyvanların baş sayı azalır, bazarda təklif zəifləyir və qiymətlər yüksəlir.

V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda adambaşına illik ət istehsalı 36-38 kiloqram civarındadır. Halbuki normal göstərici təxminən 76 kiloqram hesab olunur:

“Əhalinin alıcılıq qabiliyyəti zəif olsa da, ətə tələbat yüksəkdir. İnsanlar ailələrinin normal qidalanmasını istəyirlər. Təəssüf ki, bu gün ət bir çox ailə üçün əlçatan deyil.”

Ekspert bildirib ki, son iki ildə dünya bazarında da ətin qiyməti artır. Bunun səbəblərindən biri qlobal istiləşmə və bir çox ölkələrin ixracı azaltmasıdır.

Onun sözlərinə görə, əvvəllər Azərbaycana diri heyvan ixrac edən bəzi ölkələr artıq məhsullarını daha yüksək qiymətə başqa bazarlara satırlar:

“Gürcüstan artıq diri heyvanı Azərbaycana deyil, daha yüksək qiymətə ərəb ölkələrinə ixrac edir. Hazırda Monqolustandan kəsilmiş ət gətirilir. Lakin bu da uzunmüddətli həll deyil. Daha böyük bazarlar həmin məhsulu aldıqca Azərbaycanın idxal imkanları zəifləyə bilər.”

Ekspert hesab edir ki, yaxın illərdə həm diri heyvan, həm də ət idxalında azalma baş verə bilər. Bu isə daxili bazarda ətin qiymətinin daha da bahalaşmasına səbəb olacaq.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar