Avtomobillərin etibarnamə ilə idarə olunması son illər yenidən ictimai müzakirələrin mərkəzində duran bir məsələdir. Rəqəmsal xidmətlərin genişləndiyi, dövlət qeydiyyatı və nəzarət sistemlərinin tam elektronlaşdığı bir dövrdə bir çoxları etibarnamə tələbinin artıq köhnəlmiş mexanizm olduğunu düşünür. Xüsusilə, ailə üzvlərinin və yaxın şəxslərin bir-birinin avtomobilini idarə etməsi üçün əlavə notariat prosedurlarından keçməsinin zəruriliyi tez-tez sual doğurur.
"Bakupost" Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bir çox inkişaf etmiş ölkələrdə bu cür məsələlərin daha sadə mexanizmlərlə tənzimlənməsi fonunda Azərbaycanda da etibarnamə sisteminin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu düşünürlər.
Eldəniz Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda vətəndaşlar onlayn platformalar vasitəsilə asanlıqla avtomobil sifariş edə, onu müvəqqəti istifadəyə götürə və heç bir notarial etibarnamə olmadan idarə edə bilirlər. Bu isə göstərir ki, avtomobildən müvəqqəti istifadə hüququnun rəqəmsal və daha çevik mexanizmlərlə tənzimlənməsi mümkündür.
Ekspert onu da qeyd etdi ki, mövcud texnoloji imkanlar fonunda notarial etibarnamə tələbinin zəruriliyi yenidən qiymətləndirilməli, digər ölkələrin təcrübəsi öyrənilməli və daha müasir, operativ həll yolları tətbiq olunmalıdır.