Azərbaycanda son aylarda ətin qiymətində artım müşahidə edilir. Belə ki, paytaxtda hazırda sümüklü mal ətinin kiloqramı 19 manat, sümüksüz ətin qiyməti isə 25 manatdır. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat idi.
Bəs davamlı bahalaşmanın əsas səbəbləri nədir? Burada süni qiymət artımı varmı?
"Bakupost" xəbər verir ki, Ölkə.az məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin Siyahısı” təsdiqlənib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir:
“Eləcə də, ayrı-ayrı mal, iş və xidmətlərin qiymətlərinin formalaşması və tənzimlənməsi xüsusiyyətləri digər normativ hüquqi aktlar ilə müəyyənləşdirilə bilər. Digər malların qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur”.
Sorğuya cavabda qeyd olunub ki, “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:
“Ət məhsullarının qiymətində dəyişikliklər bazarda tələb və təklifin nisbəti, diri heyvanların tədarük qiyməti, yem və saxlanma xərcləri, kəsim və daşınma xərcləri, eləcə də digər təsərrüfat amillərinin təsiri ilə formalaşa bilər”.
“Hazırda qeyd olunan bazarda rəqabəti məhdudlaşdıran davranışların mövcudluğunu təsdiq edən hal müəyyən edilməyib. Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində mahiyyəti üzrə baxıla bilər. Agentliyə rəsmi internet səhifəsi və elektron poçt vasitəsilə müraciət etmək mümkündür”, - agentlikdən əlavə olunub.