Yay aylarında yüksək temperatur, birbaşa günəş şüaları və rütubət dərmanların saxlanma şəraitinə xüsusi diqqət yetirilməsini zəruri edir. Dərman vasitələrinin əksəriyyətinin saxlanma temperaturu 15-25°C, bəzi preparatlarda isə 15-30°C aralığında müəyyən edilir və konkret tələblər məhsulun qablaşdırılmasında göstərilir.
Bəs, yüksək temperatur, günəş və rütubət dərmanların tərkibinə və təsirinə necə təsir edir, xüsusilə yay aylarında preparatlar evdə hansı şəraitdə saxlanılmalıdır və dərmanın rəngində, formasında, qoxusunda və ya qablaşdırılmasında hansı dəyişikliklər müşahidə edildikdə ondan istifadə etmək olmaz?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, dərmana baxmaqla onun keyfiyyətli və ya keyfiyyətsiz olması barədə fikir söyləmək mümkün deyil:
"Dərmanın özünün yoxlanılması analitik məsələdir və bunun üçün xüsusi analizlər aparılmalıdır. Adi vətəndaş bunu yoxlaya bilməz. Amma dərmanın saxlanma şəraiti və istifadə qaydaları ilə bağlı məlumatlar onun içərisində olan annotasiyada qeyd edilir. Orada dərmanın nə qədər müddət istifadə oluna biləcəyi, hansı xəstəliklərdə istifadə edilməsinin mümkün olduğu, hansı hallarda istifadə edilməməli olduğu, əlavə təsirləri, buraxılış tarixi və son istifadə müddəti barədə məlumatlar yazılır".
Farmakoloq bildirib ki, dərmanların saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir:
"Onları günəş altında, yüksək temperaturda, rütubətli və uyğun olmayan digər şəraitdə saxlamaq olmaz. Hər bir dərmanın hansı şəraitdə saxlanmalı olduğu annotasiyada göstərilir və buna riayət edilməlidir. Apteklərdə də dərmanlar müvafiq şəraitdə, günəş şüalarından və digər təsirlərdən qorunaraq saxlanılır. Əsas məsələlərdən biri də dərmanların diaqnoza uyğun istifadə edilməsidir. Qətiyyən "qonşum dedi", "YouTube-da gördüm" və ya "TikTok-da dedilər" kimi məsləhətlərə əsaslanaraq, həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz".
Onun sözlərinə görə, dərmanlar kimyəvi maddələrdir və rütubət, günəş şüaları, yüksək temperatur və digər amillər onlara təsir göstərə bilər:
"Buna görə də apteklərdə dərmanlar müvafiq şəraitdə saxlanmalıdır. Vətəndaşın dərmanla bağlı məlumat almaq hüququ da var. O, dərmanın hansı firma tərəfindən istehsal edildiyini, nə vaxt gətirildiyini və digər məlumatları soruşa bilər. Düzdür, bu məlumatların bir qismi dərmanın üzərində qeyd olunur, amma vətəndaşın əlavə məlumat tələb etmək hüququ da var".