Gündəlik tələbat mallarının qiymətləri, dövlət tərəfindən tənzimlənən məhsullar istisna olmaqla, tələb və təklif əsasında sərbəst formalaşır.
Azad İstehlakçılar Birliyinin sədri
Eyyub Hüseynov “Bakupost”a bildirib ki, onlara bu məsələ ilə bağlı mütəmadi müraciətlər daxil olur. Ən çox müraciətlərdən biri eyni zavodun çörəyinin müxtəlif satış nöqtələrində fərqli qiymətə satılması ilə bağlıdır.
Onun sözlərinə görə, qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsulları satıcılar müxtəlif qiymətlərə sata bilərlər. Mağazanın yerləşdiyi ərazi, alıcı kontingenti və tələb kimi amillər də qiymətə təsir göstərir. E.Hüseynov bildirib ki, satıcıların bu amillərdən asılı olaraq qiyməti artırması süni qiymət artımı deyil, tələb və təklif əsasında formalaşan qiymət prosesidir.
O qeyd edib ki, istehlakçılar bəzən eyni məhsulun müxtəlif ölkələrdə fərqli qiymətlərə satılmasını da yanlış qiymətləndirirlər. Məsələn, bir məhsul Parisdə 5 manata satıldığı halda, Azərbaycanda 4 manata satıla bilər və bu, həmin məhsulun saxta olması demək deyil. Ekspertin sözlərinə görə, bəzi mallar azad iqtisadi zonalara çıxarılır və burada gömrük rüsumları və digər ödənişlər daha aşağı olduğu üçün məhsul daha ucuz satıla bilər.
E.Hüseynov bildirib ki, istehsalçılar adətən məhsullarını marketlərə eyni qiymətlə təqdim edirlər. Onun sözlərinə görə, qiymət artımı əsasən satıcı tərəfindən həyata keçirilir. Əgər məhsul kassa zamanı üzərində göstərilən qiymətə satılırsa, bu, qanunidir.
E.Hüseynov bu fərqin apteklər şəbəkəsində daha çox müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, dövlət tərəfindən qiyməti tənzimlənməyən dərmanların satış qiymətlərində böyük fərqlər ola bilər. Hətta dövlət tərəfindən qiyməti tənzimlənən dərmanların daha aşağı qiymətə satılması da mümkündür. Lakin belə məhsulların müəyyən edilmiş qiymətdən baha satılması qanun pozuntusudur.
E.Hüseynov qeyd edib ki, bəzi aptek şəbəkələri məhsulları birbaşa özləri idxal edir və özlərinə məxsus apteklərdə satırlar. Bu halda icarə və digər xərclərin daha aşağı olması hesabına məhsulun qiymətini azaltmaq və bazarda üstünlük qazanmaq mümkün olur.
O, istehlakçıların seçim hüququnun olduğunu vurğulayıb: “Axtarsınlar, tapsınlar harada ucuzdur, həmin yerə üstünlük versinlər”.
E.Hüseynov dövlət tərəfindən qiyməti tənzimlənən malların, o cümlədən dərmanların müəyyən edilmiş qiymətdən baha satılması halında istehlakçılara 012 599 76 00 nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verməyi tövsiyə edib.
Vüsalə Hüseynova,
BakuPost