Belçika polisi Avropa İttifaqının (Aİ) diplomatik strukturlarında tender pozuntuları ilə bağlı istintaq çərçivəsində keçmiş Aİ baş diplomatı və “College of Europe”nın rektoru Federika Moqerinin həbs olunduğunu açıqlayıb. Əməliyyat Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti (EEAS) və “College of Europe”ın Brüssel və Brüj şəhərlərindəki binalarında eyni vaxtda keçirilib.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Moqerini də daxil olmaqla üç nəfər həbs olunub. Onların ev və ofislərində aparılan axtarışlar zamanı sənədlər və elektron məlumat daşıyıcıları müsadirə edilib. İstintaqa Avropa Prokurorluğu (EPPO) və OLAF cəlb olunub.
İstintaqın mahiyyəti
Mütəxəssislər araşdırmanın əsasən, 2021–2022-ci illərdə EEAS tərəfindən elan olunan “EU Diplomatic Academy” proqramı üçün keçirilmiş tenderlə bağlı olduğunu bildirirlər. “College of Europe” həmin tenderin qalibi olmuşdu.
İstintaqın ilkin versiyasına görə, tender elan edilməmişdən əvvəl “College of Europe” nümayəndələrinin müsabiqə şərtləri ilə bağlı məxfi məlumatlara çıxışı ola bilərdi. Bu isə Aİ qanunvericiliyinə əsasən, ədalətli rəqabət prinsiplərinin pozulması (“procurement fraud”), korrupsiya və maraqların toqquşması kimi qiymətləndirilir.
Bundan əlavə, məktəbin 2022-ci ildə Brüj şəhərində 3,2 milyon avroya bina satın alması da araşdırılan məqamlardandır. Binanın tenderdən əvvəl alınması və sonradan proqram üçün istifadə olunması qurumun diqqətini çəkib.
Moqerininin statusu
Federika Moqerini 2014–2019-cu illərdə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi olub, daha sonra “College of Europe”nın rektoru təyin edilib. 2025-ci ildə o, ikinci beşillik müddətə yenidən rektor seçilmişdi.
Onun saxlanılması Avropa diplomatiyasında ciddi rezonans doğurub. Sabiq ali nümayəndənin adı tender saxtakarlığı və korrupsiya istintaqında keçdiyi üçün bu hadisə həm siyasi, həm institusional baxımdan geniş müzakirələrə səbəb olub.
EEAS və “College of Europe”nın mövqeyi
Hələlik adı çəkiləni qurumlar istintaqa dair geniş açıqlama verməyib. Aİ rəsmiləri prosesin davam etdiyini, bütün detalların hüquqi prosedurlara uyğun şəkildə araşdırıldığını bildirirlər.
Hadisə Avropa İttifaqında büdcə şəffaflığı, tender mexanizmləri və yüksək vəzifəli şəxslərin məsuliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, əgər iddialar təsdiqlənsə, bu, Aİ institutlarının içində son illərin ən ciddi korrupsiya qalmaqallarından biri olacaq.
Cavid, BakuPost