"Flydubai" pilotları arasında təyyarənin kabinəsində baş verən insident 2018-ci ildən bəri qeydə alınan bu tipli altıncı hadisə olub.
"Bakupost" Oxu.az-a istinadən xəbər verir ki, agentliyin hesablamalarına görə, uçuş heyəti üzvləri arasında münaqişələr nadir hadisə deyil. Onlardan bəziləri faciəvi nəticələrə səbəb olub.
1 mart 2022-ci il - Çinin cənubunda "China Eastern Airlines" aviaşirkətinə məxsus "Boeing 737-800" təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 132 nəfərin hamısı - 123 sərnişin və 9 ekipaj üzvü həlak olub. Araşdırmaya görə, idarəetmə sükanının irəli-geri hərəkəti pilot kabinəsində mübarizə getdiyinə işarə edə bilərdi. Bu qəza son 28 ildə Çinin mülki aviasiyası tarixində ən böyük qəza olub.
1 yanvar 2018-ci il - Hindistanın "Jet Airways" aviaşirkətinin London-Mumbay reysini həyata keçirən təyyarəsinin kabinəsində əlbəyaxa dava baş verib. Təyyarənin komandiri ikinci pilota - qadına zərbə vurub. Münaqişəyə baxmayaraq, uçuş problemsiz başa çatıb. Qeyd edək ki, "Jet Airways" maliyyə problemləri səbəbindən 2019-cu ildə fəaliyyətini dayandırıb.
25 iyul 2018-ci il - "Iraqi Airways" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsinin Məşhəddən Bağdada uçan reysi zamanı komandir ikinci pilota zərbə vurub. Münaqişənin səbəbi məişət xarakterli olub: ikinci pilot komandirin icazəsi olmadan yemək sifariş etmək üçün stüardessanı çağırıb.
2022-ci ilin iyunu - "Air France" aviaşirkətinin Cenevrə-Paris reysini həyata keçirən "Airbus A320" təyyarəsində komandir və ikinci pilot arasında dava düşüb. Münaqişə edən pilotları stüardessalar ayırmalı olublar. Təyyarə təyinat yerinə təhlükəsiz çatıb.
2025-ci ilin əvvəli - Los-Anceles hava limanında Tayvanın "Eva Air" aviaşirkətinə məxsus "Boeing 777-300ER" təyyarəsində komandir və ikinci pilot uçuş-enmə zolağında hərəkətin icazə verilən sürəti ilə bağlı mübahisə səbəbindən əlbəyaxa olublar. Təyyarədə yüzlərlə sərnişin olub. Buna baxmayaraq, uçuş həyata keçirilib.
Aviasiya ekspertlərinin fikrincə, bu cür insidentlər ekipaj üzvlərinin həddindən artıq yorulması, psixoloji nəzarətin kifayət qədər olmaması və hava daşımalarının intensivliyinin artması fonunda pilotlara təzyiqin yüksəlməsi kimi sistemli problemlərə işarə edir.