Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan əlavə ifadə üçün söz istəyib.
O, ifadəsi tərcümə olunarkən bəzi terminlərin aydın ifadə olunmadığını bildirib: "Daha aydın olmaq üçün bəzi şeyləri dəqiqləşdirmək istəyirəm. Orada məxfi əməkdaşlıq, məxfi görüş deyimləri fransız dilinə tərcümə olunarkən gizli görüş kimi anlaşılıb. Lakin, mən onlarla görüşləri gizli etməmişəm. İddia olunan agentlərlə söhbətləri çoxlu adamın yanında, açıq məkanlarda etmişəm. Hamı bilib, o cümlədən Azad Məmmədli".
Daha sonra Martin Ryanın ibtidai istintaqda verdiyi ifadəsi elan edilib.
Onun ifadəsindən məlum olub ki, o, Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olan Frederik Devos ilə "Araz" kafesində görüşüb, daha sonra gəzintiyə çıxıblar. Həmin görüşdə Azərbaycan-Ermənistan müharibəsi müzakirə olunub. Frederik onlardan Türkiyədən və Pakistandan olan muzdlu döyüşçülərin Azərbaycan üçün vuruşub-vuruşmadığını soruşub. M.Ryan internetdən oxuduqları əsasında sualları cavablandırıb. Daha sonra M.Ryan şirkət açmaq üçün dəstək istəyib. Frederik Devos bununla bağlı yüksəkvəzifəli şəxslərdən kömək istəyəcəyini bildirib. F.Devos fransız dilini bilənlərlə əməkdaşlıq etmək istədiyini söylədiyi üçün Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində oxuyanlarla maraqlanıb. Martin Ryan onu Azad Məmmədli ilə tanış edib. Daha sonra Azad Məmmədli azərbaycanlı tanışı A.Ş-ni Frederik Devosla tanış edib.
Bundan bir müddət sonra Martin Ryanın valideynləri onu ziyarətə gəliblər. Cinayət işinə əlavə edilən, onun telefonu vasitəsilə çəkilmiş fotoşəkillərdə göstərilib ki, Martin Ryan, atası, anası, dostları və Fransa xüsusi xidmət orqanının əməkdaşı Loran Lödi, onun yoldaşı və qızı ilə əvvəlcə özünün Səbail rayonunda kirayə qaldığı evdə görüşüb, daha sonra ziyafətə gediblər. Həmin ərəfələrdə Loran Martinə klaviatura hədiyyə edəcəyini bildirib. Səfirliyin yanında o, klaviaturanı hədiyyə edib.
Bundan əlavə, başqa bir şəkildə əvvəllər Fransada təhsil almış azərbaycanlı Z.M.-in doğum gününü qeyd etmək üçün Martin Ryan, Loran və digərlərinin yığışdığı məclis əks olunub. Həmin şəkillər məhkəmə zalında nümayiş etdirilib.
Həmin ilin mart ayının sonunda Jerom adlı şəxs Lorandan Martin Ryanın nömrəsini alıb və onunla danışıb. Jerom da Fransa xüsusi xidmət orqanlarının əməkdaşı olub.
Bundan başqa Frederik Devos Azad Məmmədlini görüşə dəvət edib.
Martin Ryan Azad Məmmədli ilə birgə fransız iş adamı Serj Banvelin 2019-cu ilin oktyabr ayında Bakı Frankofoniya Assosiasiyasının təşkil etdiyi tədbirdə iştirak ediblər. Frederik və onun səfirlikdə işləyən yoldaşı onları belə tədbirlərdə daha çox iştirak etməsi üçün təşviq ediblər. Onlar daha sonra bir neçə dəfə belə tədbirlərdə iştirak ediblər.
Daha sonra Martin Ryan Loran Lödini və digərlərini Milad bayramında özünün evində ziyafətə dəvət edib. Lakin, bu hadisələrdən sonra Loran ilə əlaqə saxlaya bilməyib. O, onların dost olduğuna inanırmış. Amma anlayıb ki, Loran kəşfiyyatçı olub və ondan sadəcə istifadə edib.
Azad Məmmədli də Loranın onunla deyil, Azərbaycanın daxili məsələləri ilə maraqlandığını anlayıb, kafedə söhbət edərkən ətrafdakılara şübhə ilə baxdığını və ona diqqətlə qulaq asdığını görüb, onun kəşfiyyatçı olmasından şübhələnib.
Həmin ildə bir azərbaycanlı jurnalist Martin Ryanla əlaqə saxlayıb və müsahibə alıb. Jurnalist həmin müsahibəni video şəklində istəyib. Belə bir neçə jurnalist onunla əlaqə saxlayıb və Fransanın Azərbaycan-Ermənistan müharibəsində mövqeyi ilə bağlı fransız kimi mövqeyini öyrənib. Belə müsahibələrə və yayılan məqalələrə görə M.Ryan Fransa xalqının gözündən düşüb və bu, ona bir fransız kimi ağır gəlib.
Martin Ryan bundan əlavə Z.M.-in Loran Lödi tərəfindən xüsusi xidmət orqanının ofisinə çağırılmasından şübhələnib.
Martin Ryan Loran Lödidən və Frederik Devosdan sonra onunla Jerom Qassarinonun işlədiyini və sonuncunun ona Azərbaycanda şirkət açmaqla bağlı, həmçinin Azərbaycan-İran münasibətləri və özünü maraqlandıran şəxslər barədə suallar verdiyini deyib.
Bir müddət sonra Martin Ryan Azad Məmmədli ilə görüşmək istəyi ilə bağlı telefon danışığı edib və səfirliyin yanında olmasını bildirib. Buna səbəb Frederik və digərlərinin kəşfiyyatçı olaraq ona tapşırıq verdiyini düşünməsi olub.
Məhkəmənin qərarı ilə, əldə edilən telefon danışığında M.Ryanın Azad Məmmədliyə tövsiyə olaraq içkinin miqdarını azaltmasını və danışdıqlarına fikir verməsini söyləyib. Ona səviyyəli tədbirlərdə yüksək səslə müəyyən mövzulardan danışmamasını, ehtiyatlı olmasını, nüfuzunu zədələməməsini söyləyib. Səhv anlaşıla biləcək mövzulardan ehtiyatlı olmasını istəyib.
Martin Ryan Azad Məmmədli ilə danışarkən səfirlikdə Loran soyadlı iki şəxsin olduğunu bildirib. Martin Loran Lödini xatırlayıb və onun sağollaşmadığını söyləyərək Azərbaycandan getdiyini deyib. O əlavə edib ki, Loran Lödi və Loran Qrard ondan və Azaddan məlumat almaq üçün istifadə ediblər. Azad Məmmədli kəşfiyyatçıların dəyişdiyini, yenilərinin dərhal onunla əlaqə yaratdığını bildirib. Azad Məmmədli onların səmimi ünsiyyətdən uzaq olduqlarını da əlavə edib. Kəşfiyyatçılar onları maraqlandıran məlumatları Martin Ryandan və xüsusilə də Azad Məmmədlidən təhlil şəklində alıblar. Martin Ryan Rusiya pasportlu ermənilərin Qarabağı tərk etməsi informasiyasını da ötürüb.
Başqa telefon danışığında Azad Məmmədli Martin Ryana bildirib ki, Zəngəzur dəhlizində Rusiyanın Federal Təhlükəsizlik Xidmətini yox, Fransanın silahlı qüvvələrini görmək istəyir.
Daha sonra Martin deyib ki, Loran Qrardın kəşfiyyatçı olduğunu ruslara desə, necə olar? Azad Məmmədli bunun təhlükəli olacağını bildirib. Azad Məmmədli həmçinin əlavə edib ki, özlərini agent deyil, mənbə kimi görür.
Növbəti proses sentyabrın 8-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "arzuolunmaz şəxs" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.