Ru
15:17 / 31 Avqust 2026

Gecə saatlarında Bakıda biabırçı mənzərə – VİDEO

Gecə saatlarında Bakıda biabırçı mənzərə  – VİDEO
Eye

Son günlər Bakıda müşahidə olunan küləkli hava şəhərdə bəzi ərazilərdə tullantıların ətrafa yayılmasına səbəb olub. Güclü külək zamanı müxtəlif zibillərin, o cümlədən sellofanların havada uçuşduğu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülər şəhərin bəzi ərazilərində tullantıların yaratdığı mənzərəni gündəmə gətirib.

Bakını bu xoşagəlməz mənzərədən necə xilas etmək olar?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli ölkə üzrə məişət tullantılarının çeşidlənməsi ilə bağlı vəziyyət ürəkaçan deyil deyib:

“Düzdür, müxtəlif bölgə və rayonlarda, eləcə də şəhərlərin mərkəzi hissələrində sarı, göy, qırmızı və digər rənglərdə fərqləndirilən konteynerlərin qoyulduğunu görürük. Bunların hər birinin öz təyinatı var. Lakin təəssüf ki, bizdə bu proses hələ də lazımi səviyyədə həyata keçirilmir.

Bu yöndə digər problemlərdən biri marketlərdə hələ də nazik polietilen və sellofan torbalardan geniş istifadə olunmasıdır. Vətəndaşlar çox vaxt həmin torbalardan istifadə etdikdən sonra onları küçəyə atırlar. Eyni zamanda, tullantıların çeşidlənməsi düzgün təşkil olunmadığı üçün bu torbalar ümumi tullantıların içərisinə qarışır. Polietilen torbalar çox yüngül olduğuna görə, xüsusilə Bakı küləyi zamanı tullantıların toplandığı ərazilərdən ətrafa yayılaraq küçələri zibilləndirir”.

Ekspert qeyd edib ki, tullantıların vaxtında daşınması ilə bağlı da problemlər mövcuddur:

“Çox vaxt konteynerlərin dolduğunu, onların ətrafının isə məişət tullantıları ilə örtüldüyünü görürük. Həmin tullantıların içərisində bazardan, mağazadan və müxtəlif marketlərdən evə gətirilən ərzaqların polietilen torbaları, həmçinin xüsusilə çörəyin polietilen torbalarda daşınması nəticəsində yaranan tullantılar da böyük yer tutur.

Buna görə də vətəndaşlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır. İstər bələdiyyələr, istərsə də mənzil-istismar idarələri öz ərazilərində bu istiqamətdə işlər görməli, əhali arasında tullantıların düzgün çeşidlənməsi ilə bağlı geniş təbliğat və maarifləndirmə kampaniyaları həyata keçirməlidirlər”.

İ.Hüseynov qeyd edib ki, polietilen torbaların böyük marketlərdə istifadəsi ilə bağlı müəyyən məhdudlaşdırıcı qərar var idi:

“Əvvəlcə bu məsələ ilə bağlı müzakirələr aparıldı. Lakin sonradan bunun biznes məqsədli bir mexanizmə çevrildiyini gördük. Belə ki, marketlərə müəyyən ödəniş qarşılığında — 5 və ya 7 qəpik müqabilində — həmin polietilen daşıyıcılardan istifadə etməyə yenidən imkan verildi. Təbii ki, 5-7 qəpik vətəndaş üçün böyük məbləğ olmadığından insanlar yenidən polietilen torbalardan istifadəyə meyilləndilər. Bütün bunları ümumiləşdirsək, şəhərlərin müxtəlif ərazilərində tullantıların ətrafa yayılmasının və çirklənmənin yaranmasında əsas rol oynayan amillər məhz bunlardır”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar