Gəncədə sakinlərə park salınacağı vəd olunan ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.
Bu barədə
Bakupost.az -a şəhər sakini Ofeliya Davudqızı bildirib.
Şikayətçinin sözlərinə görə, əvvəlcə həmin ünvanda qanunsuz inşa edilən tikili Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən sökülüb və yerində park salınacağı bildirilib:
"2025-ci ilin sentyabr ayında Muxtar Hacıyev küçəsində, yaşayış binalarının yanında yerləşən təxminən 10 sotluq ərazidə yaşayış evi tikilirdi. Gəncə Şəhər İcra Hakimiyyəti bunu bildikdə tikintiyə icazə vermədi və yarımçıq bina söküldü. Sökülmüş binanın daşları isə səliqə ilə həmin tikilinin ətrafına yığıldı. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov ərazidə asfalt yenilənərkən sakinləri əmin etdi ki, sökülmüş qanunsuz tikilinin yerləşdiyi ərazi kiçik park və istirahət zonası kimi istifadəyə veriləcək. Amma bu vədə əməl olunmadı".
Şikayətçinin iddiasına görə, noyabrın 4-ü axşam saatlarında həmin ərazidə yeni çəkilmiş asfalt örtüyü qazılaraq su və kanalizasiya xətləri çəkilib, daha sonra isə həmin hissə torpaqla örtülüb:
“Bu işlər hava qaralandan sonra görüldü. Hazırda orada yenidən qanunsuz olaraq yaşayış evinin ikintisinə hazırlıq gedir".
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən
Bakupost.az-ın sorğusuna cavab olaraq bildirildi ki, şəhər ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikililərin aşkar edilməsi üçün yaradılan Komissiya mütəmadi monitorinqlər həyata keçirir:
“Aparılan növbəti monitorinq zamanı Gəncə şəhəri, Aida İmanquliyeva (keçmiş M.Hacıyev) küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsində vətəndaş tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparıldığı müəyyən edilib. Aşkar edilmiş fakt üzrə qanunvericiliyə uyğun tədbirlər görülüb və tikinti dayandırılıb. Hazırda həmin ünvanda heç bir tikinti fəaliyyəti aparılmır. Vətəndaş tərəfindən torpaq sahəsinə və tikinti işlərinə dair qanunvericiliklə nəzərdə tutulan hüquqverici sənədlər təqdim olunduğu təqdirdə, tikinti işlərinin aparılmasına müəyyən olunmuş qaydada icazə verilə bilər”.
Lalə Novruz, BakuPost